TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarının təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunlar və digər qanunvericilik aktlarının qəbul edilməsində baza rolunu oynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlət maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və dövlətlərarası müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunmaqla inkişaf edir.


I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent - peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs;
1.0.2. adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən təsis olunan təqaüd;
1.0.3. adyunktura - hərbi təhsil qurumlarında doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanma forması;
1.0.4. akademiya - müəyyən sahə üzrə ali və ali təhsildən sonrakı təhsil proqramlarını, müvafiq sahə mütəxəssislərinin ixtisasartırma hazırlığını həyata keçirən,  fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi;
1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur;
1.0.6. attestasiya - hər bir təhsil pilləsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru;
1.0.7. bakalavr - müvafiq təhsil proqramı əsasında ali təhsilin birinci pilləsini - bakalavriatı bitirmiş şəxslərə verilən peşə-ixtisas dərəcəsi;
1.0.8. bakalavriat - müvafiq istiqamətlər üzrə geniş profilli mütəxəssis hazırlığını  təmin edən ali peşə-ixtisas təhsilinin birinci pilləsi;
1.0.9. məsafədən (distant) təhsil - təhsilalanlar və təhsilverənlər arasında birbaşa əlaqə olmadan yazışma və elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında xüsusi təhsil forması;
1.0.10. dissertasiya - müvafiq elmi dərəcə almaq üçün müdafiə edilən elmi-tədqiqat işi;
1.0.11. doktorant (dissertant) - doktoranturada (dissertanturada) təhsil alan şəxs;
1.0.12. doktorantura - doktorluq elmi dərəcəsinin alınmasını təmin edən və müvafiq  dissertasiya  işinin müdafiəsi ilə başa çatan yüksək səviyyəli elmi və elmi - pedaqoji kadr hazırlığı forması;
1.0.13. dosent - ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.14. elitar təhsil - xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil;
1.0.15. elmlər doktoru - elm sahələri üzrə doktoranturanın ikinci pilləsində fəlsəfə doktoruna müvafiq dissertasiya işinin müdafiəsindən sonra verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq hər hansı təhsil pilləsində təhsilin evdə alınması forması;
1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə doktoru (Ph. D - Philosophy Doctor) - elm sahələri üzrə doktoranturanın birinci pilləsini bitirən şəxslərə, müvafiq dissertasiya işinin müdafiəsindən sonra verilən elmi dərəcə;
1.0.19. fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması;
1.0.20. fəxri professor (doktor) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə;
1.0.21. formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil;
1.0.22. gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.23. informal təhsil - biliklərə yiyələnmənin özünütəhsil forması;
1.0.24. innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli və özünütəkmilləşdirmə mahiyyətli yeniliklər;
1.0.25. institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret istiqamətlər üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən ali təhsil müəssisəsi;
1.0.26. ixtisas - müvafiq təhsil sənədində təsbit olunan peşə; vahid bir peşə daxilində fəaliyyət növü;
1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsil istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
1.0.28. kampus - müvafiq infrastruktura malik təhsil kompleksi (şəhərciyi);
1.0.29. kollec - orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
1.0.30. konservatoriya - musiqinin bütün sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi;
1.0.31. qeyri-formal təhsil - müxtəlif kurslarda, klub və dərnəklərdə, fərdi məşqlərdə və dərslərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.0.32. lisenziya - təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq;
1.0.33. lisey - ümumi və tam orta təhsil pillələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri həyata keçirən ümumtəhsil müəssisəsi;
1.0.34. magistr - müvafiq magistr proqramı əsasında dissertasiya işinin müdafiəsi ilə müşayiət olunan, ali təhsilin ikinci pilləsini bitirmiş şəxslərə verilən elmi-ixtisas dərəcəsi;
1.0.35. magistratura - ali təhsilin ikinci pilləsi;
1.0.36. nostrifikasiya - təhsil haqqında sənədin tanınması;
1.0.37. professor - yüksək elm və təhsil göstəricilərinə nail olmuş təcrübəli elmlər doktorlarına verilən elmi ad; ali təhsil müəssisəsində seçkili vəzifə;
1.0.38. rezidentura -  tibb ixtisasları üzrə ali  baza  təhsili  əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur;
1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalmış şəxsə attestasiyadan keçmək hüququ verən sərbəst təhsilalma forması;
1.0.40. subbakalavr - orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi;
1.0.41. təhsil krediti - fənnin həcmini, onun mənimsənilməsi üzrə yerinə yetirilən işlərin miqdarını və müddətini müəyyənləşdirən ölçü vahidi;
1.0.42. tədris planı - müvafiq təhsil pilləsində tədris fənlərini və onlara ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;
1.0.44. təhsil investisiyası - insan kapitalının inkişafına müxtəlif istiqamətli sərmayə qoyuluşu;
1.0.45. təhsil proqramı (kurrikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.46. təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil  və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;
1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında bir və ya bir neçə pillədə təhsil prosesinin həyata keçirildiyi və məzunlara müvafiq dövlət sənədinin verildiyi qurum;
1.0.48. təhsil müəssisənin muxtariyyəti - müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, bütün fəaliyyət istiqamətləri üzrə təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil françayzinqi - təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adı və fərqlənmə nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili, yaxud beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi;
1.0.50. tibb doktoru - ali baza tibb təhsili almış məzunlara verilən ixtisas dərəcəsi;
1.0.51. tyütor - ali təhsil müəssisəsində akademik məsləhətçi;
1.0.52. universitet - ali və ali təhsildən sonrakı təhsil pilləsində geniş spektrli ixtisaslar üzrə mütəxəssis hazırlığının, əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi-tədqiqatların aparıldığı çoxprofilli ali təhsil müəssisəsi, aparıcı elm və təhsil mərkəzi.

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid olan digər qanunlardan, normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Təhsil qanunvericiliyin əsas məqsədi vətəndaşların təhsil sahəsində konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, təhsil sferasında icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılmasından ibarətdir.

Maddə 3. Təhsil  sahəsində dövlət  siyasətinin əsas prinsipləri

3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığı və təhlükəsizliyinin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülük keyfiyyətlərinin prioritet kimi qəbul olunması;
3.0.2. demokratiklik - yeni nəslin azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkili və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
3.0.3. bərabərlik - bütün vətəndaşlar üçün bərabər təhsil şəraiti, şərtləri və hüquqların təmin olunması, vahid təhsil məkanının yaradılması;
3.0.4. millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında sivil təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlilik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı,  təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun ardıcıl surətdə insanın bütün həyatı boyu davam etməsi;
3.0.8. varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
3.0.9. liberallaşma - təhsil sferasının və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10. inteqrasiya - milli təhsilin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi

4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi:
4.0.1. demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikası qarşısında öz məsuliyyət və cavabdehliyini dərk edən, xalqının azadlıq amalına və demokratiya ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdən;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətə davamlı mütəxəssis - kadr hazırlamaqdan;
 4.0.3. cəmiyyətin və dövlətin inkişafına xidmət edən sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etməkdən, təhsilalanı həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdan, ixtisasını daima artırmaq və fəal vətəndaş mövqeyi formalaşdırmaqdan ibarətdir.

Maddə 5. Təhsil hüququna dövlət təminatı

5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir.
5.2. Dövlət cinsindən, irqindən, dərisinin rəngindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
5.3. Dövlət hər bir vətəndaş üçün icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir vətəndaş pulsuz ümumi orta məktəb təhsili almaq hüququna malikdir. Dövlət peşə-ixtisas və ali təhsili müəssisələrinin hər bir pilləsində qanunvericiliyə müvafiq olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
5.4. Dövlət əmək bazarının tələblərinə müvafiq olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və onların müvafiq işlə təmin olunmasına şərait yaradır.
5.5. Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə zəmanət verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almalarına şərait yaradır.
5.6. Dövlət ali və orta peşə-ixtisas müəssisələrində təhsil alan tələbələrin müvafiq dövlət orqanlarında, dövlət müəssisələrində, şirkətlərdə və digər qurumlarda istehsalat və diplomqabağı təcrübə keçmələrinə təminat verir.
5.7. Dövlət Azərbaycan Respublikasında milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir.
5.8. Dövlət xaricdə yaşayan Azərbaycanlıların və türkdilli diasporanın təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir.

Maddə 6. Təhsil sahəsində dövlət standartları

6.1. Təhsilin dövlət standartları pedaqoji elmin prinsipləri əsasında hazırlanan və müəyyən dövr üçün (5 ildən az olmayaraq) vahid dövlət tələblərini özündə əks etdirən ümumi normalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən olunur. 
6.3. Dövlət təhsil standartlarının hazırlanması, təsdiqi və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarəolunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir və tətbiq edir.
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və məzunların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiya və məzunların yekun attestasiyasında müvafiq dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyənləşdirilir.

Maddə 7. Təlim dili

7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində (fərdi tədris kursları istisna olmaqla) təlim dili ölkənin dövlət dili - Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq xüsusi hallarda (beynəlxalq müqavilələr, yaxud müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla təlim müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara və təhsil proqramlarına uyğun olaraq hazırlıq sinifləri və hazırlıq kursları təşkil olunur.


II fəsil
Azərbaycan Respublikasının təhsil sistemi

Maddə 8. Təhsil sisteminin quruluşu
8.0. Təhsil sisteminə aşağıdakılar daxildir:
8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, mədəni-maarif müəssisə və təşkilatları, kitabxanalar, yataqxana, düşərgə və digər infrastruktur obyektləri;
8.0.2. təhsili idarəetmə orqanları və onların nəzdində fəaliyyət göstərən müəssisə və təşkilatlar;
8.0.3. təhsil fəaliyyəti ilə məşğul olan ictimai və qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi

9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq hər bir təhsil pilləsi üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları - kurrikulumları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olması, onların ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən olunur.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və təhsilin peşəkarlıq qabiliyyətini formalaşdıraraq müvafiq qaydada akkreditasiya xidməti tərəfindən qiymətləndirilir.

Maddə 10. Təhsil proqramı (kurrikulum)

10.1. Təhsil proqramı təhsil prosesinin məqsədindən asılı olaraq müvafiq dövlət standartlarına uyğun, ayrı-ayrı təhsil pilləsi və istiqamətləri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil proqramı tədris planını, fənlər üzrə tədris proqramlarını, metodik təminatla bağlı tövsiyələri, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyalarını əhatə edir.
10.3. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir.
10.4. Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.5. Əlavə, məsafədən (distant) və digər xüsusi təhsil sistemləri üçün müvafiq təhsil proqramları tətbiq edilir.
10.6. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan şagirdlər üçün onların tərbiyəsi, təhsili, müalicəsi, sosial adaptasiyası və ictimai həyata inteqrasiyasını əhatə edən xüsusi ümumtəhsil proqramları   müəyyən edilir və həyata keçirilir.
10.7. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericilik aktları ilə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.

Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər

11.0. Təhsilin məzmunu iqtisadi, sosial, mədəni və milli inkişafın əsas xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı tələbləri əks etdirir:
11.0.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, müasir informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
11.0.2. insan potensialının inkişaf səviyyəsinin daim yüksəldilməsi, milli və ümumbəşəri dəyərlər əsasında demokratik ruhlu şəxsiyyətin formalaşması üçün əlverişli şərait yaratmaq;
11.0.3. öz üzərinə məsuliyyət götürmək, kollegial qərar çıxarmaq, demokratik təsisatların fəaliyyəti və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
11.0.4. təhsilalanların fasiləsiz təhsil almaq, daim yeniləşən, müasir standartlara uyğun olan biliklərə və dünyagörüşünə yiyələnmək, tələbatı daha səmərəli ödəmək və inkişaf etmək, ömrü boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;
11.0.5. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamətlənmək bacarığını formalaşdırmaq;
11.0.6. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına olan tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
11.0.7. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək;
11.0.8. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrinə təhsilalanların, təhsilverənlərın və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə və atributlarda gəlmələrinə yol verilmir və bu məsələlər təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
11.0.9. Təhsilin məzmununa və təhsil prosesinin təşkilinə dair ümumi tələblər bu Qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir.

Maddə 12. Təhsilin təşkili formaları

12.0. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
12.0.1. formal;
12.0.2. qeyri-formal;
12.0.3. informal;
12.1. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 13. Təhsilalma formaları

13.0. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.0.1. əyani;
13.0.2. əyani-qiyabi (axşam);
13.0.3. qiyabi;
13.0.4. məsafədən (distant);
13.0.5. eksternat;
13.0.6. evdə təhsil;
13.0.7. fərdi təhsil.
13.1. Müasir təhsil texnologiyalarından istifadə etməklə zəruri hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Maddə 14. Təhsil müəssisəsi

14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.
14.2. Azərbaycan Respublikasında təsisçiyə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:
14.2.1. dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Azərbaycan Respublikasında təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 
14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquqları və vəzifələri bu Qanunla və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən olunur və tənzimlənir.
14.5. Təhsil müəssisələrinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası);
14.5.2. ümumi orta təhsil müəssisələri (ibtidai, əsas və orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbi, o cümlədən sanatoriya tipli internat məktəbi, peşə-sağlamlıq məktəbi, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, kor və zəifgörən, əqli cəhətdən qüsurlu, dayaq-hərəkət funksiyaları pozulmuş uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbi, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi məktəb, gimnaziya, lisey);
14.5.3. məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzi, uşaq-gənclər idman məktəbi, uşaq-gənclər şahmat məktəbi, ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, texniki yaradıcılıq mərkəzi, turizm və diyarşünaslıq mərkəzi, məktəbdənkənar iş mərkəzi, estetik tərbiyə mərkəzi, bədii yaradıcılıq mərkəzi);
14.5.4. ilk peşə-ixtisas müəssisələri (peşə məktəbi, peşə liseyi);
14.5.5. orta peşə-ixtisas müəssisəsi (kollec);
14.5.6. ali təhsili müəssisələri (universitet, akademiya, institut, konservatoriya);
14.5.7. əlavə təhsil müəssisələri (ixtisasartırma, yenidənhazırlanma);
14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.
14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.
14.7. Təhsil müəssisəsində təhsil dövlət büdcəsi hesabına və ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və digər) müvafiq təhsil müəssisələrində dövlət hesabına həyata keçirilir.
14.8. Təhsil müəssisəsində, təhsilin idarəetmə və digər orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
14.9. Dövlət təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik olan təhsil müəssisəsi mövcud qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq tədris, elmi-tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyətin həyata keçirilməsində tam sərbəstdir.
14.10. Təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
14.11. Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə müvafiq olaraq kreditlər vermək, qrantlar ayırmaq, dövlət təhsil müəssisələrinə vergi və digər güzəştlər tətbiq etməklə təmin edir.
14.12. Özəl təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq olaraq dövlət təhsil müəssisəsi üçün müəyyən edilmiş normativlərdən aşağı olmamalıdır.
14.13. Təhsil müəssisəsinin hüquqi şəxs kimi müstəqil balansı, xəzinədarlıqda hesabı, banklarda və digər kredit təşkilatlarında hesablaşma hesabı və digər hesabları olmalıdır. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə müstəqildir.
14.14. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə müvafiq olaraq respublika ərazisində və xarici dövlətlərdə filiallar açmaq, həmçinin təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyalar və ittifaqlar yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna malikdir.
14.15. Hər bir təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

Maddə 15. Təhsil müəssisəsinin təsisçisi

15.1. Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət orqanları,  bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, eləcə də xarici ölkələrin Azərbaycan Respublikasında dövlət qeydiyyatdan keçmiş hüquqi şəxsləri ola bilərlər.
15.2. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15.3. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və müəssisənin nizamnaməsi ilə müəyyənləşdirilir və tənzimlənir.


Maddə 16. Təhsil müəssisəsinin lisenziyalaşdırılması və akkreditasiyası

16.1. Hər bir təhsil müəssisəsinə təhsil xidməti göstərmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilir.
16.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ-hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyənləşdirilməsi, onun fəaliyyətinin növbəti müddətə (beş ildən az olmamaq şərtilə) təsdiqlənməsi üçün hüquqi təminat yaradır.
16.3. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaradılan dövlət akkreditasiya komissiyası həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin (sertifikatın) verilməsi ilə başa çatır.
16.4. Azərbaycan Respublikasında xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüququ təminat verilir, onun diplomları (digər sənədləri) və akademik dərəcələri tanınır.


Maddə 17. Təhsilin pillələri

17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil;
17.1.2. Ümumi orta məktəb təhsili:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi orta təhsili;
17.1.2.3. tam orta təhsil.
17.1.3. İlk peşə - ixtisas təhsili;
17.1.4. Orta peşə - ixtisas təhsili;
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat;
17.1.5.2. magistratura;
17.1.5.3. doktorantura.
17.2. Təhsilin pillələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi yekun qiymətləndirmə və attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
17.3. Təhsilin bütün pillələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir və ibtidai təhsil istisna olmaqla təhsilalanın əvvəlki pillədə əldə etdiyi nailiyyətlər növbəti pillədə təhsilin davam etdirilməsində nəzərə alınır.

Maddə 18. Məktəbəqədər təhsil

18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, onlarda təbiətə və insanlara həssas münasibət formalaşdırılmasını təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı (kurrikulumu) əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır. 
18.4. Beş yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq icbaridir. Məktəbəqədər hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
18.5. Məktəbəqədər təhsil valideynlərin (digər qanuni nümayəndələrin) arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ailədə həyata keçirilir.
18.6. Məktəbəqədər yaslı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada metodik və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edilir.

 Maddə 19. Ümumi orta məktəb təhsili

19.1. Ümumi orta məktəb təhsili təhsilalana elmin ümumi əsaslarını öyrətmək, zəruri bilik, həyati bacarıq və vərdişlər qazandırmaqla, onun həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi orta məktəb təhsili şagirdlərin fiziki və intellektual inkişafina, onların zəruri biliklərlə təmin olunmasına, sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət bəsləməsinə, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında öz hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.3. Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.
19.4. Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili altı yaşdan başlanır.
19.5. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir.
19.6. Ümumi orta məktəb təhsilinin pillələr üzrə müddətləri, onun bir pilləsindən digər pilləsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.7. Ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.
19.8. Ümumi orta məktəb təhsili sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və onların müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə məktəbdənkənar xüsusi təhsil proqramları (kurrikulumları) tətbiq olunur.
19.9. Ümumi orta məktəb təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif edilirlər.
19.10. İbtidai təhsil:
19.10.1. İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir.
19.10.2. İbtidai təhsil müvafiq təhsil proqramına (kurrikulumuna) əsasən həyata keçirilir.
19.10.3. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.
19.10.4. Valideynlərin və ya təhsilalanların qanuni təmsilçilərinin arzusu əsasında təhsil müəssisəsi xüsusi istedadlı uşaqların məktəbə qəbulunu daha erkən yaşdan başlaya bilər.
19.11. Ümumi orta təhsil:
19.11.1. Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurrikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
19.11.2. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir.
19.11.3. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
19.11.4. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi - şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
19.12. Tam orta təhsil:
19.12.1. Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, müasir informasiya - kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
19.12.2. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurrikulumların) tam mənimsənilməsini nəzərdə tutur.
19.12.3. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər)  təmin olunur.
19.12.4. Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu - on birinci sinifləri əhatə edir və bu pillədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir.
19.12.5. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.


Maddə 20. İlk peşə-ixtisas təhsili

20.1. İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
20.2. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və digər müvafiq qurumların təhsil strukturlarında, eləcə də müvafiq ixtisas dərəcəsi olan mütəxəssislər tərəfindən fərdi qaydada həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
20.3. İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları)  əsasında təşkil olunur.
20.4. İlk peşə-ixtisas məktəblərini tam orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi - attestat verilir.


Maddə 21. Orta peşə-ixtisas təhsili

21.1. Orta peşə-ixtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir.
21.2. Orta peşə-ixtisas təhsili əsasən kollec və ali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar.
21.3. Orta peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.
21.4. Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
21.5. Orta peşə-ixtisas təhsil proqramlarının müvafiq istiqamətlər üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini daha yüksək nəticələrlə başa vuran məzunlar - subbakalavrlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin ikinci kurslarına birbaşa qəbul olunurlar.

Maddə 22. Ali təhsil

22.1. Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınaraq yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:
22.2.1. birinci pillə - bakalavriat;
22.2.2. ikinci pillə - magistratura;
22.2.3. üçüncü pillə - doktorantura.
22.3. Bakalavriat təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara bakalavr ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələri əhatə edir.
22.4. Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat fəaliyyəti ilə və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin  dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara magistr ali elmi-ixtisas dərəcəsi verilir.
22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılmalıdır. (yaradılma bilər)
22.6. Tibb təhsili sahəsində təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq, təhsil əsas və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq tibb doktoru və həkim-mütəxəssis ali ixtisas dərəcəsi verilir. Rezidentura təhsilini həyata keçirən təhsil müəssisəsinin nəzdində tibbi klinikanın yaradılması zəruridir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
22.7. Xüsusi qabiliyyət tələb edən və özünəməxsus xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, incəsənət, idman, dizayn və bu kimi digər sahələr üzrə ali təhsilli mütəxəssis hazırlığı bu ixtisasların təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq əsas - təhsil müddəti 5-6 il və magistratura təhsilinə - təhsil müddəti 2 il ayrılır, məzunlara müvafiq olaraq rəssam, rəssam-heykəltəraş, memar, bəstəkar, musiqi ifaçısı, məşqçi, dizayner və s. ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi verilir. Bu ixtisaslar üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq tələb edən sahələr üzrə həyata keçirilir və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
22.8. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq  qaydada dövlət nümunəli sənəd - diplom verilir.

Maddə 23. Doktorantura

23.1. Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir.
23.2. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən müdafiə şuraları tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq olunur.
23.3. Azərbaycan Respublikasında doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr  müəyyənləşdirilir:
23.3.1. Fəlsəfə doktoru elm sahələri göstərilməklə;
23.3.2. Elmlər doktoru elm sahələri göstərilməklə.
23.4. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahələr üzrə fəlsəfə doktoru dərəcəsinə bərabər tutulur.
23.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına magistr və ona bərabər tutulan mütəxəssislər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar.
23.6. Fəlsəfə doktorlarının elmlər doktoru elmi dərəcəsi alması qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.7. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
23.8. Doktoranturanın yaradılması, elmi dərəcələrin verilməsi qaydaları və onlara qoyulan tələblər muvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.9. Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan  şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.
23.10. Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoci kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul qaydaları və elmi dərəcələrin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.11. Ali təhsil müəssisələrinin pedoqoci kadrlarına elmi-pedaqoci fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyənləşdirilir:
23.11.1. dosent;
23.11.2. professor.
23.12. Professor və dosent elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
23.13. Azərbaycan Respublikasında ali təhsil müəssisəsi müəyyən olunmiş qaydada fəxri professor/doktor elmi adı vermək hüququna malikdir. Fəxri  professor/doktor adının verilməsi qaydaları və şərtləri təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən olunur.

Maddə 24. Əlavə təhsil

24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla peşə - ixtisas təhsilinin hər hansı bir pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə təhsil ayrıca təhsil pilləsi deyil və onun tərkibinə aşağıdakılar aid edilir:
24.2.1. ixtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. təkrar ali və orta peşə-ixtisas təhsili;
24.2.4. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin təşkili qaydaları xüsusi təhsil proqramlarına (kurrikulumlarına) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə peşə-ixtisas və yaşlıların təhsili ixtisasartırma və yenidənhazırlanma strukturlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq qurumlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş digər müəssisələrdə həyata keçirilir.
24.5. İxtisasartırma təhsili almış vətəndaşlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sənəd verilir və stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Maddə 25. Təhsil sistemində elmi araşdırmalar

25.1. Təhsil sistemində fundamental və tətbiqi elmi araşdırmalar ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında (institut, mərkəz, laboratoriya və s.), təhsil problemləri ilə məşğul olan elmi-tədqiqat institutlarında dövlət büdcə vəsaiti, qrantlar və özünümaliyyəşdirmə əsasında həyata keçirilir.
25.2. Təhsil sahəsində elmi araşdırmalar təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, təlimin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

Maddə 26. Təhsil haqqında dövlət sənədi
26.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) və dövlət akkreditasiyası olan təhsil müəssisəsinin hər hansı bir pilləsini bitirən şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nümunəli müvafiq təhsil sənədi verilir.
26.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
26.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı bir pilləsini başa vurmayan şəxslərə təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada arayış verilir.
26.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması (nostrifikasiyası) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 27. Ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbulun ümumi  qaydaları

27.1. Ali və orta peşə-ixtisas təhsili müəssisəsinə tələbə qəbulu vətəndaşların təhsil hüquqlarını tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını (kurrikulumlarını) daha yaxşı mənimsəyən, qabiliyyətli və hazırlıqlı abituriyentlərin müsabiqə əsasında qəbul olunmasını təmin edir.
27.2. Ali və orta peşə-ixtisas təhsili müəssisəsinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən biliyin qiymətləndirilməsi üzrə dövlət komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələrinə müvafiq olaraq abituriyentlərin sərbəst seçimi əsasında həyata keçirilir.
27.3. Ali və orta peşə-ixtisas təhsili müəssisəsinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdiyi nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
27.4. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədən kənar qəbul olunurlar.
27.5. Ali və orta peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı hər bir təhsil müəssisəsi təhsilalanı, yaxud onun valideynlərini (qanuni təmsilçilərini) təhsil prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış etməlidir:
27.5.1. təhsil müəssisəsinin nizamnaməsi;
27.5.2. təhsil fəaliyyətinə qanuni təminat verən xüsusi razılıq (lisenziya);
27.5.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
27.6. Ali təhsil müəssisəsinin magistr hazırlığı pilləsinə bakalavr və digər ali təhsilli şəxslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.

Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb xidməti

28.1. Təhsil müəssisəsində iaşə və tibbi  xidmətin təşkili üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara və normalara uyğun şərait yaradılır.
28.2. Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlar üçün tibbi xidmət pulsuzdur.


III fəsil
Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquq və vəzifələri


Maddə 29. Təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri

29.1. Təhsil sisteminin idarə edilməsində müvafiq icra hakimiyyəti orqanları, öz səlahiyyətləri çərçivəsində iştirak edirlər.
29.2. Təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:
29.2.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;
29.2.2. milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək;
29.2.3. milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının hazırlanması, təsdiqi və həyata keçirilməsi üzərində nəzarəti həyata keçirmək;
29.2.4. kadr hazırlığının prioritetlərini, istiqamət və ixtisaslarını, yüksək dərəcəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;
29.2.5. təhsil sahəsində müvafiq normativ hüquqi aktları hazırlamaq, təsdiq etmək və onların icrasını təmin etmək;
29.2.6. vaxtaşırı olaraq müvafiq icra hakimiyyəti orqanlarının təhsil sferasında dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq;
29.2.7. milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil sisteminin və mühitinin yaradılmasını təmin etmək;
29.2.8. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcə vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
29.2.9. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilmə normalarını, eləcə də bir şagird və tələbə üçün nəzərdə tutulan maliyyə normativlərini müəyyən etmək;
29.2.10. ali və orta peşə-ixtisas təhsili müəssisəsinə tələbə qəbulu planını müəyyənləşdirmək;
29.2.11. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələrinin və onların filiallarının yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsini (müvafiq qaydada təqdim olunan vəsatət əsasında) həyata keçirmək;
29.2.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurrikulumlarını) hazırlamaq, təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
29.2.13. dövlət təhsil müəssisələri və yerli təhsil idarəetmə orqanlarının rəhbərlərini qanunvericilikdə müəyyən edilmiş qaydada təyin etmək və vəzifədən azad etmək;
29.2.14. dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün  akademik və inzibati vəzifə  tutmanın  yaş həddini (senzini) müəyyən etmək;
29.2.15. təhsil müəssisələrinin nümunəvi əsasnamələrini hazırlamaq və təsdiq etmək;
29.2.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.2.17. təhsil prosesinin təşkilinə aid ümumi tələbləri müəyyən etmək;
29.2.18. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarını müəyyən etmək;
29.2.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.2.20. vahid formalı dövlət təhsil sənədlərinin nümunələrini və onların verilmə qaydalarını təsdiq etmək;
29.2.21. xarici ölkələrin təhsil haqqında sənədlərinin tanınması (nostrifikasiya) qaydalarını müəyyən etmək;
29.2.22. xarici ölkələrin təhsil haqqında sənədlərinin tanınmasını (nostrifikasiyasını)  həyata keçirmək;
29.2.23. bütün təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
29.2.24. təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
29.2.25. təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu ləğv etmək;
29.2.26. ali və peşə-ixtisas təhsili üzrə istiqamət və ixtisasların təsnifatını (ixtisas klassifikatorunu) hazırlamaq və təsdiq etmək;
29.2.27. təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.2.28. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.2.29. təhsil müəssisələrinin akkreditasiya qaydalarını müəyyən etmək və akkreditasiyasını həyata keçirmək;
29.2.30. təhsil müəssisələrində təhsilverənlərin attestasiya qaydalarını müəyyən etmək;
29.2.31. təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydalarını müəyyən etmək;
29.2.32. təhsil orqanları, təhsil müəssisələri, təhsillə bağlı ictimai və qeyri-hökumət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.2.33. təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
29.2.34. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;
29.2.35. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqi və nəşr edilməsini təmin etmək;
29.2.36. elmi adların və dərəcələrin verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
29.2.37. təhsil işçilərinin əməyinin mükafatlandırılması və stimullaşdırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
29.2.38. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
29.2.39. baza tədris plan və proqramlarını təsdiq etmək;
29.2.40. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.2.41. təhsil sahəsində mövcud qanunvericilik aktlarının icrasını təmin etmək;
29.2.42. icbari ümumi orta təhsilin yerinə yetirilməsinə nəzarət etmək;
29.2.43. ali təhsili müəssisələrində magistratura və doktorantura açmaq;
29.2.44. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti həyata keçirmək;
29.2.45. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrin qəyyumluğa (himayəyə) götürülməsini və onların internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyum və himayəçilərin öz funksiyalarını yerinə yetirmələrinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq surətdə xüsusi təhsil və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək.
29.3. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə həmçinin təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat, qiymətləndirmə və s. məsələlər də daxildir.

Maddə 30. Təhsil müəssisəsinin idarə olunması

30.1. Bütün təhsil müəssisələri aşkarlıq, şəffaflıq və özünüidarə prinsipləri əsasında bu Qanuna, digər normativ-hüquqi aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən olunur.
30.3. Bələdiyyə təhsil müəssisələrinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl təhsil müəssisələrinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.5. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və  şəffaflığını təmin etmək məqsədilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar və digər şuralar) yaradıla bilər. Bu qurumların formalaşdırılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.6. Təhsil müəssisəsinə rəhbərlik təhsilin səviyyəsinə müvafiq olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
30.7. Təhsil müəssisəsində akademik və inzibati vəzifə tutmağın yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedoqoci işçilərin akademik və inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.8. Təhsil müəssisəsinin idarəolunması ilə əlaqədar məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla digər təşkilatların müdaxiləsinə yol verilmir.

Maddə 31. Təhsil prosesinin iştirakçıları

31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və başqaları;
31.0.2. pedaqoji işçilər - müəllimlər, məsləhətçilər, tyütorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq - pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisələrinin dərnək və musiqi rəhbərləri, elmi-pedaqoji işçilər, təhsil müəssisələrində çalışan, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisələrinin kitabxanaçıları, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisəsi və orqanlarının təlim-tərbiyə ilə məşğul olan rəhbərləri, təhsil müəssisələrində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri, təlim-tərbiyə prosesində iştirak edən digər şəxslər;
31.0.3. valideynlər və ya onların qanuni təmsilçiləri;
31.0.4. təhsil prosesində iştirak edən idarə və özünüidarə orqanları;
31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.

Maddə 32. Təhsilalanların əsas hüquq və vəzifələri

32.1. Təhsilalanların əsas hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına, beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyənləşdirilir.
32.2. Bütün təhsil müəssisələrinin şagird, tələbə və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların əsas hüquqları:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydalara müvafiq  olaraq təhsil müəssisəsinə qəbul olunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına müvafiq olaraq keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına müvafiq olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və məsləhətçi - tyütorları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalarından və sair) istifadə etmək;
32.3.7. müəyyən olunmuş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq uçun təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd olan hərəkətlərdən müdafiə olunmaq;
32.3.12. müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
32.3.14. hər bir təhsil pilləsində dövlət hesabına bir dəfədən çox olmayaraq təhsil almaq;
32.3.15. dövlət icbari ümum orta təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
32.3.16. təhsil prosesinin təşkili və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlər, dərnək, assosiasiya, birlik və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli bu kimi təşkilatlara üzv olmaq;
32.3.18. elmi-praktik konfrans, seminar, yığıncaq və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarla təmin olunmaq.
32.4. Təhsil müəssisəsində qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların əsas vəzifələri:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. ailə, cəmiyyət, dövlət və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara, təhsil və tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.

Maddə 33. Təhsilverənlərin əsas hüquq və vəzifələri

33.1. Təhsilverənlərın əsas hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin əsas hüquqları:
33.2.1. normal əmək və elmi-pedaqoji iş şəraiti, müasir standartlara cavab verən təhsil mühiti ilə təmin olunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun təhsil prosesinin təşkili və idarə olunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin formasını, metod və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və seçkili vəzifələrə seçmək və seçilmək;
33.2.6. ixtisasını artırmaq, yeni ixtisas almaq, stac keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. təhsil müəssisəsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən mükafatlandırılmaq və təltif olunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında əhəmiyyətli xidmətləri olan professor və dosentlərə aylıq və əlavə əmək haqları, digər güzəşt və imtiyazları saxlanılmaqla (akademik və inzibati vəzifə tutmamaq şərtilə) məsləhətçi-professor (dosent) vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarla təmin olunmaq.
33.3. Təhsilverənlərin əsas vəzifələri:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının (kurrikulumlarının) mənimsənilməsini təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvər ruhda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycanın müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq;
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki, psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən olunmuş qaydada attestasiyadan keçmək;
33.3.10. müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək,  nöqsanlara qarşı barışmaz olmaq.


Maddə 34. Valideynlərin və onların qanuni təmsilçilərinin hüquq və vəzifələri

34.1. Valideynlərin və onların qanuni təmsilçilərinin təhsil sahəsində hüquqları aşağıdakı kimi müəyyənləşdirilir:
34.1.1. yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək, təhsilə dair qanunvericilik və digər normativ-hüquqi sənədlərlə tanış olmaq;
34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
34.1.3. övladlarının hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə edilməsində iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və onun maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək.
34.2. Valideynlərin (qanuni təmsilçilərinin) təhsil sahəsində vəzifələri aşağıdakı kimi müəyyənləşdirilir:
34.2.1. övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunmasına və mənəvi yetkinliyinə məsuliyyət və cavabdehlik daşımaq;
34.2.2. övladlarını humanizm, vətənpərvərlik, əməksevərlik, öz xalqının dili, ədəbiyyatı və tarixinə, milli-mədəni və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək.


Maddə 35. Təhsilalanların sosial müdafiəsi

35.1. Təhsilalanların sosial müdafiəsi:
35.1.1. Dövlət icbari ümumi orta təhsil müəssisəsinin şagirdlərini müəyyən olunmuş qaydada dərsliklərlə dövlət hesabına təmin edilməsi;
35.1.2. Ümumi orta təhsilin həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə kənd yerlərində ümumtəhsil məktəblərindən ən azı 3 kilometr uzaqda yaşayan şagirdlərin nəqliyyatla daşınması, onların ibtidai təhsil dövründə pulsuz isti yeməklə təmin olunması;
35.2. Aztəminatlı ailələrdən olan şagirdlərin zəruri sosial-məişət ehtiyaclarını ödəmək məqsədilə icbari ümumi orta təhsil məktəblərində müəssisənin saxlanması üçün ayrılan illik ümumi büdcə vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari təhsil fondu yaradılır;
35.3. Dövlət peşə-ixtisas və ali təhsili müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericilikdə müəyyən olunmuş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir və yardımlar edilir;
35.4. Təhsilalanlara qanunvericiliyə müvafiq olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər;
35.5. Özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.

Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi

36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir;
36.2. Təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr, mükafatlar və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər;
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən  edilir;
36.4. Təhsil müəssisəsi pedaqoji və elmi işçilərə öz xüsusi vəsaiti hesabına əlavə ödənişlər də təyin edə bilər;
36.5. Təhsil müəssisəsi digər elmi və fəxri adlar almış pedaqoji və elmi işçilərə öz xüsusi vəsaiti hesabına əlavə ödənişlər də təyin edə bilər;
36.6. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün yeni tipli təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunla müəyyən edilmiş qaydada əlavələr olunur;
36.7. Pedaqoji profilli ixtisaslar üzrə orta və ali peşə ixtisas təhsili müəssisələrini bitirmiş və icbari ümumi orta təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
36.8. Elmi yaradıcılıqla məşğul olan təhsilverənlərə yaradıcılıq və təhsil məzuniyyətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilir.

IV fəsil
Təhsilin iqtisadiyyatı

Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri

37.1. Təhsil müəssisəsinin mülkiyyəti dövlət, bələdiyyə, təsisçilər (himayəçilər), hüquqi və fiziki şəxslər tərəfindən onun istifadəsinə verilən, eləcə də öz vəsaiti hesabına əldə etdiyi əmlakdan ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıqlar,  təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, digər əmlak və maddi-texniki baza ilə təmin edilir. Dövlət və bələdiyyə təhsil müəssisələrinə torpaq sahələri daimi (müddətsiz) və əvəzsiz olaraq istifadəyə verilir.
37.3. Təsisçi tərəfindən təhsil müəssisəsinə verilmiş əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil müəssisəsinin sahibliyində və istifadəsindədir. Təhsil müəssisəsi bu əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarət təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirilir.
37.4. Hüquqi və fiziki şəxslərin təhsil müəssisəsinə bağışladıqları, ianə verdikləri, vəsiyyət etdikləri daşınar və daşınmaz əmlak, maddi, maliyyə və digər vəsaitlər, habelə onun qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi mənfəət təhsil müəssisəsinin mülkiyyəti hesab olunur.
37.5. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi onun büdcə və digər vəsaitləri hesabına həyata keçirilir.
37.6. Təhsil müəssisəsi gördüyü xidmətlər (tədris, elmi-tədqiqat, məsləhət - konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, bina, avadanlıq, yeni texnologiya, nəqliyyat və s. əldə edə bilər.
37.7. Təhsil müəssisəsi qanunvericilikdə müəyyən olunmuş qaydada əmlakı icarəyə götürmək və icarəyə vermək hüququna malikdir.
37.8. Dövlət və bələdiyyə təhsil müəssisəsinə təhkim olunmuş əmlak üçün icarə haqqı alınmır, digər təhsil müəssisələrinə icarə haqqına görə güzəştli tariflər tətbiq oluna bilər.
37.9. Dövlət və bələdiyyə təhsil müəssisələrinə təhkim olunmuş əmlak özəlləşdirilməyə çıxarıla bilməz (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla).
37.10. Dövlət və bələdiyyə təhsil müəssisələrinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlərdən mövcud qanunvericiliyə müvafiq olaraq sərbəst istifadə etmə hüququ vardır. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz xüsusi vəsaitləri hesabına əldə etdiyi əmlaka sahiblik və sərəncam vermək hüququna malikdir.
37.11. Təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
37.12. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir. Təhsil müəssisəsi ləğv edildikdə onun pul vəsaitləri və istifadəsində olan əmlakı, öhdəlikləri ödənildikdən sonra təsisçinin sərəncamına keçir.

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi

38.1. Dövlət təhsilin inkişafına müvafiq büdcə təxsisatları ayırır.
38.2. Dövlət təhsil müəssisəsi dövlət büdcəsindən, ödənişli təhsildən daxil olan pul vəsaitlərindən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir.
38.3. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi qanunvericiliyə müvafiq olaraq dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.
38.4. Təhsil müəssisəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə, müəssisə və təşkilatlara müxtəlif pullu təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən könüllü ianələr və yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait, əmlak və gəlirlər dövlət və bələdiyyə təhsil müəssisələrinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir etmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
38.5. Təhsil müəssisəsinin əldə etdiyi mənfəət ümumiyyətlə yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
38.6. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına müvafiq olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.7. Dövlət və bələdiyyə təhsil müəssisəsinin ödənişli təhsildən əldə etdiyi gələrlər, habelə digər büdcədənkənar vəsaitləri maliyyə normativlərinin və ya onların mütləq həcminin azaldılmasına səbəb ola bilməz. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi orta məktəbləri təhsilalanların sayından asılı olmayaraq, mövcud normativlərdən üstün maliyyələşdirilir.
38.8. Dövlət və bələdiyyə təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan, habelə büdcə və büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini, əmək haqqı fonduna və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara sosial yardımlar göstərir.
38.9. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə, elmi-tədqiqat işlərinin aparılmasına, doktorantura proqramlarının maliyyələşdirilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini və müvafiq qrantlar ayrılmasını təmin edir. Təhsil kreditlərinin və qrantların həcmi, verilmə qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir və tənzimlənir. Dövlət təhsil və elmi-tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.10. Təhsil müəssisəsində müvafiq qanunvericiliklə ödənişli təhsildən azad olunan təhsilalanların təhsil haqları təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada dövlət təhsil qrantları və ya dövlət büdcə vəsaiti hesabına ödənilir.
38.11. Dövlət təhsilin ən prioritet sahələrinin inkişafı, mütərəqqi təhsil texnologiyaları və innovasiyaların tətbiqi, elitar təhsilin və dünyanın aparıcı elm və təhsil mərkəzlərində kadr hazırlığının və ixtisasartırmanın təşkili, təhsil sferasında elmi tədqiqatların stimullaşdırılması və s. məqsədilə xüsusi təyinatlı Təhsil fondu təsis edir.
38.12. Təhsil fondunun fəaliyyəti və idarə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
38.13. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayədarlara qanunla müəyyən olunmuş qaydada imtiyaz və güzəştlər verilir.
38.14. Təhsil sisteminə xarici investisiya qoyuluşu bu Qanunla və qanunvericilikdə müəyyən edilmiş qaydalara müvafiq olaraq həyata keçirilir.

Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilmə mənbələri

39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. dövlət və bələdiyyə büdcə vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. dövlət təhsil qrantlarının və təhsil qrantlarının vəsaitləri;
39.0.4. hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və xarici hüquqi şəxslərin xüsusi qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.5. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi-tədqiqat qrantları;
39.0.6. təhsilin prioritet istiqamətləri üzrə kadr hazırlığı üçün dövlət proqramları;
39.0.7. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən olunmuş digər xidmətlərə görə əldə etdiyi vəsaitlər;
39.0.8. hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.9. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələr;
40.0.10. təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların, nəqliyyat vasitələrinin və digər təhsil məqsədi üçün yararsız əmlakın satışından əldə olunan vəsaitlər;
39.0.11. təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.12. qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə etdiyi vəsaitlər.

Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyə fəaliyyəti və xidmətləri

40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər:
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. aldıqları qrantların və kreditlərin vəsaitləri;
40.1.4. hüquqi və fiziki şəxslərin hədiyyələri, vəsiyyət etdikləri vəsaitləri, ianələri və yardımları;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən olunmuş digər xidmətlərə görə əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına əldə edilən vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsində təhsil fəaliyyətinə yönəldilən xərclər dövlət təhsil müəssisələri üçün nəzərdə tutulan müvafiq normativlərdən aşağı ola bilməz.
40.3. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.4. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına müvafiq olaraq sərbəst müəyyən edir.
40.5. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar və onların valideynləri (qanuni təmsilçiləri) arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti

41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə qanunvericilikdə qadağan olunmayan və öz nizamnaməsində nəzərdə tutulmuş qaydalara müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
41.2. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti əmtəə, xidmət və avadanlıqların satışı, vasitəçilik xidməti, digər müəssisə və təşkilatların fəaliyyətində payçı kimi iştirak, qiymətli kağızlarla bağlı əməliyyatlardan gəlir əldə etmək (faiz, divident) və digər iş və xidmətlər sahəsini əhatə edir.
41.3. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına yönəldilir.
41.4. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən müstəqil istifadə etmək hüququna malikdir.
41.5. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətinin tənzimlənməsi müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada və təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
41.6. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətində tədris prosesinə mane olan və mövcud qanunvericiliyə zidd cəhətlər aşkar olunarsa, təsisçi və yaxud müvafiq icra hakimiyyəti orqanı bu fəaliyyəti məhkəmənin qərarına qədər dayandıra bilər.

Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi

42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda, təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırılır.
42.2. İddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsinə akkreditasiya komissiyası tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

V fəsil
Təhsil sahəsində beynəlxalq əlaqələr

Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr

43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və konvensiyalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmuşsa, bu zaman beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.
43.2. Təhsil müəssisəsi özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yaradır, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlayır, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaq, birlik, assosiasiya və s.) daxil olur və əməkdaşlığın digər formalarını həyata keçirir.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi-tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktiki konfransların, simpoziumların keçirilməsi, tələbə, magistr, doktorant, müəllim və elmi işçilərin mübadiləsi, intellektual bilik məhsulları və patentlərin alqı-satqısı və digər bu kimi istiqamətlərdə müvafiq qanunvericilik aktları əsasında müstəqil olaraq xarici fəaliyyətlə məşğul olmaq hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarının tələbləri gözlənilməklə müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə respublika daxilində və xarici ölkələrdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə  dövlət tərəfindən zəmanət verilmir.

Maddə 44.  Azərbaycan Respublikası vətəndaşlarının xaricdə və əcnəbilərin Azərbaycanda təhsilalma hüquqları

44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə və əcnəbilərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsi, assosiasiyası, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
44.2. Dövlət hər il ümumtəhsil, peşə-ixtisas təhsili müəssisələrində xarici ölkələrdə yaşayan azərbaycanlıların və türkdilli diasporu nümayəndələrinin təhsil almalarını təmin etmək məqsədilə müvafiq qaydada kvotalar müəyyən edir.
44.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə və əcnəbilərin Azərbaycan Respublikasında təhsilalma qaydaları, şərtləri və təhsil haqqında verilən sənədin tanınması (nostrifikasiyası) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tənzimlənir.
44.4. Beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ əcnəbilərə şamil edilmir.


VI fəsil

Keçid və yekun müddəaları

Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 46. Keçid müddəalar

Bu qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahələr üzrə fəlsəfə doktoru dərəcəsinə bərabər tutulur.

Maddə 47. Qanunun qüvvəyə minməsi

47.1. Bu Qanun 2008-ci il sentyabrın 15-dən qüvvəyə minir.
47.2. Bu Qanun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr 324 saylı Təhsil Qanunu qüvvədən düşmüş hesab edilir.

Сайт управляется системой uCoz