Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq
 
 

[ 10 Dekabr 2008 17:24 ]
Bakı. Nicat Mustafayev APA-ECONOMICS. Bakıda Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) təşkilatçılığı ilə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan şirkət nümayəndələrinin rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə görüşü keçirilib.

APA-ECONOMICSin məlumatına görə, tədbirdə çıxış edən E.Vəlizadə ölkənin İKT sahəsinin mövcud vəziyyəti haqqında danışıb və qeyd edib ki, Azərbaycanda İKT sektoru dinamik inkişaf edir və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin töhfəsi böyük rol oynayır: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bu qurumlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi vacib məqamlardan biridir.
Bundan başqa, nazir müavini veb-saytların xakerlərin hücumuna məruz qalması məsələsinə də toxunub: Bu kompleks məsələlərdəndir və bu sahədə informasiya təhlükəsizliyinə ciddi fikir verilməlidir. Yaxın gələcəkdə bu məsələ ilə müvafiq qurum yaradılacaq ki, həmin qurum milli informasiya təhlükəsizliyini təmin edəcək. Müraciət edən şəxslərə texniki yardım, habelə məsləhət xidmətləri göstəriləcək.
Bundan başqa, E.Vəlizadə qeyd edib ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın İKT sektoruna təsir göstərməyib. Çünki Azərbaycanın İKT bazarı böyük potensiala malikdir.

 

Сайт управляется системой uCoz