İlham Əliyev İKT-nin inkişafını dövlət siyasətinin prioritet sahəsi hesab edir

Ölkə Prezidenti İlham Əliyev cəmi 5 il ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər əldə etdiyini önə çəkərək demişdir: Bu gün isə söhbət ondan gedir ki, biz kosmik sənayenin yaranmasına yaxınlaşırıq. Bu da reallıqdır və bunu etmək üçün artıq konkret tədbirlər planı var, maliyyə imkanları da artıq müəyyən edilibdir. Əminəm ki, gələn ilin büdcəsində biz bu sahənin yaradılması və iki süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görməliyik. Bu, ölkəmizin müasirləşməsinə, Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına yeni təkan verəcəkdir. Eyni zamanda bu, gəlir gətirən sahədir və biz gələcəkdə bu imkanlardan səmərəli istifadə edərək həm iqtisadi imkanlarımızı genişləndirəcəyik, həm də, bir də demək istəyirəm ki, Azərbaycanda yeni sənaye sahəsi, özü də ən yüksək texnoloji sənaye sahəsi yaratmağa xidmət edəcəkdir.

Tarixi İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən Qərb-Şərq yüksək sürətli informasiya magistralının texniki-iqtisadi əsaslandırılma layihəsi üzərində də iş aparılır. Bu super informasiya magistralı İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Layihə ölkəmizdə beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını da nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Azərbaycanın siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng enerji və nəqliyyat layihələrinin sırasına yeni bir layihə Qərb-Şərq yüksəksürətli informasiya magistralı da daxil olacaqdır.

Ölkənin gələcək inkişafına xidmət edəcək innovativ fəaliyyəti təmin etmək məqsədilə RİTN tərəfindən Azərbaycanda yüksək texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının yaradılmasına hazırlıq işləri aparılır. Bu zonalar iqtisadiyyatın müxtəlif sektorlarında yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkənin İKT sektoruna cəlb edilməsinə, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalına, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının daha da dərinləşməsinə xidmət edəcəkdir. İKT sektorunun inkişafı və ümumən ölkənin iqtisadi, elmi, texniki potensialının inkişafına təkan verəcəyini əminliklə söyləməyə imkan verir.

Regional İnnovasiya Zonası layihəsinin tərkib hissəsi kimi Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması da Azərbaycanın İKT sektoru üçün yüksək səviyyəli kadrlar hazırlanması və bu prosesə region ölkələrinin cəlb edilməsi baxımından böyük sosial-iqtisadi səmərə verə bilər.

Azərbaycan dövləti öz inkişafının daha yüksək mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, elmi, texniki, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur. Azərbaycanın dinamik inkişafında rabitə və informasiya texnologiyalarının rolu artmaqdadır.

Ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar, struktur və idarəetmə siyasəti Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaqdır.

Alternativ, diversifikasiya olunan iqtisadi artım mənbələri tapmaq, innovasiyalı struktur dəyişiklikləri aparmaq, xammala, enerjiyə qənaət edən, elm tutumlu texnologiyalar, informasiya və kommunikasiya sistemləri tətbiq etmək, infrastruktur sahələrini modernləşdirmək günün ən vacib vəzifəsinə çevrilmişdir.

İqtisadiyyatın xammal ixracatı modelinin, dünya xammal və kapital bazarında qiymətlərin gözlənilən dəyişmələrinə adekvat evolyusiyası, iqtisadi həyatın resurs bazasında fundamental dəyişikliklərin baş verməsi, qloballaşma və dünya iqtisadi inteqrasiyasına qoşulma ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Tayvan, Almaniya, Qazaxıstan, Fransa və s. ölkələrin yeni inkişaf ssenariləri və modelləri üzərində işləməyə yönəlmişdir.

Zəngin ehtiyatları olan xammal ixracatçıları hasilat sənayesinin imkanlarından daha effektli istifadə etməklə, ixrac potensialını artırmağa, Xüsusi İqtisadi Zonalar (XİZ), texnoparklar yaratmağa, beyin istehsalını stimullaşdıran tədbirlər sistemi hazırlayıb həyata keçirməyə istiqamətlənmişlər. Bəzi ölkələr beyin ixracı və ondan hər il əldə ediləcək gəlirləri də proqnozlaşdırmağa başlamışlar.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, İKT-nin elmi, nəzəri biliklərdən praktikaya transformasiyasını təmin etmədən müvəffəqiyyət qazanmaq olmaz. Elektron hökumətin pilot layihələr vasitəsilə reallaşdırılmasına cəmiyyəti hazırlamaq, onun praktikada tədbiqinin gecikdirilməsinə yol verilməməlidir. Bu baxımdan İKT-nin inkişaf perspektivləri haqqında ideyaların reallaşdırılması sürətləndirilməlidir.

1999-cu ildən başlanan gömrük orqanları arasında informasiya mübadiləsi təkmilləşdirilərək Dövlət Gömrük Komitəsinin serveri vasitəsilə həyata keçirilirdi. Layihənin yerinə yetirilməsinin iki ili ərzində Azərbaycan Respublikası gömrük sisteminin informasiyanın ötürülməsi şəbəkəsinin hissə-hissə yeniləşdirilməsi həyata keçirilmişdir. Müasir telekommunikasiya avadanlığını tətbiq etməklə, radiokanallardan istifadə olunmaqla və frame relay texnologiyasını tətbiq etməklə Dövlət Gömrük Komitəsi ilə Xaçmaz, Tovuz, Astara gömrük zonaları, Bakı Baş Gömrük İdarəsi, Gəncə, Yevlax, Əli Bayramlı, Biləsuvar və Xudafərin gömrük orqanları arasında informasiya mübadiləsinin on-line rejimi təmin olunmuşdur. On-line rejimi ilə Samur, Yalama, Böyük Kəsik, Sınıq Körpü, Masallı və Lənkəran kimi sərhədyanı və daxili postlar da əhatə olunmuşdur. Layihənin ikinci mərhələsində, Naxçıvan Muxtar Respublikası, Balakən, Sumqayıt və Binə gömrükxanalarının da bu sistem üzrə qurulması təmin olunmalıdır.

Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. XXI əsr müasir informasiya cəmiyyətinin yaradılması, regionların zəngin təbii sərvətlərinin təsərrüfatçılıq dövriyyəsinə cəlb edilməsi, insan kapitalına xidmət etməsi yüksək intellektual səviyyənin formalaşması baxımından keyfiyyətcə yeni eranın başlanğıcı sayıla bilər. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətdə demokratik proseslərin daha da inkişafı, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sırasına çıxmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji hesabatında Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri tutduğu qeyd olunmuşdur. Bu, nailiyyətdir. Qazanılan uğurların arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində tətbiqi və istifadəsi dayanır.

Azərbaycanın İKT sahəsində fəaliyyəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı ilə təmin olunur.

Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər) ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsində dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına, iqtisadi artımın sürətlənməsinə və xalqın rifahının daha da yüksəlməsinə şərait yaradacaqdır.



Səttar Səfərov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının proffesoru, iqtisad elmləri doktoru

 

 

 

Сайт управляется системой uCoz