ümumi təhsil sistemində islahatların yeni mərhələsi
Azərbaycanın
ümumi təhsil sistemində islahatlar yeni mərhələyə qədəm qoymuşdur.
Hazırda qazanılmış nailiyyətləri möhkəmləndirmək, islahatın
istiqamətləri üzrə fəaliyyətləri genişləndirmək başlıca vəzifə hesab
olunur. İndiyədək həyata keçirilən islahatyönümlü tədbirlərin
mahiyyətinə aydınlıq gətirilməsi və bu sahədə müəyyən edilən
perspektiv vəzifələrin açıqlanması üçün Azərbaycan Respublikasının
təhsil naziri, "Kurikulum" jurnalının baş redaktoru, professor Misir
Mərdanova ictimaiyyəti maraqlandıran suallarla müraciət etmişdik.
Hörmətli nazirimizin həmin suallara cavabları əsasında hazırlanmış
müsahibəni oxuculara təqdim edirik.
- Hörmətli Misir müəllim, Sizinlə 2009-cu ilin ilk ayında
görüşürük. Bu fürsətdən istifadə edərək Sizi Yeni il münasibətilə
ürəkdən təbrik edir, Azərbaycan təhsilinin inkişafı naminə gələcək
fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
ötən il bütün
sahələrdə olduğu kimi, ölkəmizin təhsil həyatında da yaddaqalan
mühüm hadisələr baş vermişdir. İlk öncə istərdik ki, bu məsələlərə
öz münasibətinizi bildirəsiniz.
- Səmimi təbrik üçün çox sağ olun. Mən də, öz növbəmdə, bütün
xalqımızı, təhsil ictimaiyyətini Yeni il münasibətilə səmimi-qəlbdən
təbrik edirəm, ən xoş arzularımı bildirirəm.
Həqiqətən, 2008-ci il təhsil tariximizə əlamətdar hadisələrlə zəngin
il kimi daxil olmuşdur. Bu ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən
"Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı
(2008-2012-ci illər)" və "Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı (2008-2013-cü illər)"
təsdiq edilmiş, ölkəmizdə ilk dəfə dövlət səviyyəsində "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri təşkil
olunmuş, Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilmişdir.
Eyni zamanda ölkəmizdə aparılan yeni dərslik siyasətinin ilk
nümunəsi kimi I siniflər üçün dərslik komplektləri meydana çıxmış və
bunların əsasında ümumtəhsil məktəblərinin I siniflərindən etibarən
yeni fənn kurikulumlarının tətbiqinə başlanmışdır.
ümumi təhsil
sistemində həyata keçirilən islahatyönümlü tədbirlərin davamı
olaraq Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanması,
"Kurikulum" və "İstedad" jurnallarının işıq üzü görməsi də məhz
2008-ci ilə təsadüf edir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Bakı şəhərində keçirilən "Dünyada savadlılığın dəstəklənməsi"
mövzusunda YUNESKO-nun regional konfransı, İSESKO ilə birgə
keçirilən islam ölkələri ali təhsil və elm nazirlərinin IV konfransı
da 2008-ci ilin ən əlamətdar hadisələrindəndir.
Onu da qeyd etmək yerinə düşər ki, ötən ildə 161 yeni məktəb
binası tikilmiş, 129 məktəb əsaslı təmir olunmuş, 180 məktəb müasir
avadanlıqlarla təchiz edilmiş, 236 məktəbin istilik sistemi yenidən
qurulmuşdur.
- Cənab nazir, 2008-ci ilin mühüm hadisələrindən danışarkən
yeni fənn kurikulumlarının tətbiqinə başlanılmasını, dərsliklərin
hazırlanmasında müasir mexanizmlərə istinad olunduğunu bildirdiniz.
Etiraf edək ki, bütün bunlar, bütövlükdə götürsək, ümumi təhsil
sistemində məzmun islahatları ictimaiyyəti ciddi maraqlandıran
məsələlərdir. Ona görə də bu barədə bir qədər geniş danışmağınızı,
diqqətçəkən məqamlara aydınlıq gətirməyinizi xahiş edirik.
- Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin
əldə olunması, heç şübhəsiz, həmin pillə üzrə təhsilin məzmununun nə
dərəcədə optimal və məqsədyönlü müəyyənləşdirilməsindən birbaşa
asılıdır. İctimai tələb, cəmiyyətin inkişaf perspektivləri bütün
dövrlərdə təhsilin məzmunu ilə bağlı vəzifələrin
dəqiqləşdirilməsində əsas amil olmuşdur. Bunun üçün uzağa getmək
lazım deyildir, ötən əsrin 20-30-cu illərindəki təhsil proqramları
ilə əsrin sonundakı təhsil proqramlarını müqayisə etdikdə bunun
canlı şahidi oluruq. Vaxt var idi kütləvi savadsızlığın aradan
qaldırılması ən ümdə vəzifə sayılırdı, icbari ibtidai, yeddiillik
təhsilə keçid böyük qələbə hesab olunurdu. XX əsrin 70-80-ci
illərində linqafon kabinetinin quraşdırılması məktəb üçün əlamətdar
hadisəyə çevrilirdisə, bu gün biz təhsil müəssisələrinin
kompüterləşdirilməsindən, təhsil sisteminin
informasiyalaşdırılmasından danışırıq. Demək, dövrə, zamana uyğun
olaraq tələblər dəyişdikcə təhsil sisteminə olan tələblər də
dəyişmişdir. Başqa sözlə, dövr, zaman sifarişçi, təhsil sistemi isə
həmin sifarişlərin bir növ icraçısıdır. Həm də elə düşünmək olmaz
ki, tələbata görə təhsilin məzmunu həmişə optimal müəyyən
edilmişdir. Elmi-texniki tərəqqinin sürəti daim yüksələn xətlə
inkişaf edir. Burada inqilabi dəyişikliklər tez-tez baş verir. Belə
bir şəraitdə təhsilin məzmununa nələr gətirilməlidir, hansıları daha
vacib sayılır sualları həmişə gündəmdə olmuşdur. Bütün bunlara
aydınlıq gətirmək üçün eksperimentlərə də əl atılmışdır. Müxtəlif
illərin tədris planlarına diqqət yetirsək, açıq-aşkar görünür ki,
müəyyən dövrdə şagirdlərin əmək hazırlığına daha çox önəm verilmiş,
bəzi vaxtlar isə politexnik təlim diqqət mərkəzində olmuşdur. Bütün
bu axtarışlar, eksperimentlər, şübhəsiz, daha təkmil bir sistem
yaratmağa, təhsilin məzmununu maksimum səviyyədə dövrün tələblərinə
uyğunlaşdırmağa xidmət etmişdir. Lakin həmin proseslər bəzən
uğursuzluqlarla da nəticələnmişdir...
- Belə hallar bəlkə də təbiidir, hər bir axtarışın, sınağın
nəticəsi, yəqin ki, uğurlu ola bilməz...
- Əlbəttə. Ancaq bilirsinizmi uğursuzluqlar daha çox nə ilə əlaqədar
idi?! Keçmiş Sovetlər Birliyində eksperimentlər mərkəzdəki ən yaxşı,
hərtərəfli təchiz edilmiş məktəblərdə qoyulub sınaqdan keçirilirdi,
nəticələrin isə bütün SSRİ məkanındakı məktəblərdə tətbiqi tələb
olunurdu.
Bu cür uyğunsuzluqlar bütövlükdə ümumi təhsilin, həmçinin ayrı-ayrı
fənlərin məzmununun müəyyən edilməsində də özünü göstərirdi... 70
ildən artıq bir müddətdə keçmiş SSRİ məkanına daxil olan bütün
respublikalar üçün təhsilin məzmunu yalnız mərkəzdə hazırlanırdı.
Hamı ana dili və konkret respublikanın tarixindən başqa digər əksər
fənləri vahid dərsliklər vasitəsi ilə tədris etməyə məcbur idi.
Əlbəttə, bu o demək deyildir ki, sovet təhsil sistemi zəif sistem
olmuşdur. Sadəcə, bütün səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi
üçün respublikalar təhsilin məzmunu ilə bağlı məsələlərə müdaxilə
etməkdən məhrum olmuş, əsl imperiya siyasəti yürüdülmüşdür.
Beləliklə, müttəfiq respublikalarda, o cümlədən də Azərbaycanda
təhsilin məzmunu sahəsində tədqiqatçı alimlərin və mütəxəssislərin
yetişməsi prosesinə ağır zərbə vurulmuş, məzmunun milli mənəvi
dəyərlər zəminində formalaşmasına süni surətdə maneçiliklər
törədilmişdir.
Ən acınacaqlı hal bu idi ki, o vaxtlar güclü inkişaf etmiş
ölkələrdəki təcrübəni öyrənməyə heç cür imkan yaradılmırdı, bu
ölkələrdə hər nə varsa inkar olunmaqla yalnız Sovet təhsil
sisteminin üstünlükləri təbliğ edilirdi. Beləliklə də, qarşılıqlı
əlaqələrdən məhrum olan sistem, necə deyərlər, özü öz şirəsində
qaynamağa məhkum idi. Dünya təhsilində gedən proseslərdən ayrı
düşmüş sovet təhsil sistemində bilavasitə məzmunla bağlı belə bir
konseptual ideya formalaşmışdı ki, tədris olunan hər bir fənn
daxilində mümkün qədər çox bilik, məlumat, fakt verilməli və nəticə
etibarı ilə sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı,
daha geniş bilik əldə etməlidirlər. Məhz buna görə də tədris
proqramları şişirdilir, dərsliklər bir sıra hallarda zəruri olmayan,
şagird üçün elə bir həyati əhəmiyyət kəsb etməyən materiallarla
yüklənirdi. Diqqət mərkəzində bilavasitə nəzəri biliklərin
mənimsədilməsi dayandığı üçün uşaqlara gələcək həyatlarında lazım
olan bacarıqların aşılanması sanki unudulurdu. Ona görə də sonrakı
illərdə aparılan təhlillər bir daha sübut etdi ki, orta təhsil
müddətində şagirdlərin ayrı-ayrı fənlər üzrə aldıqları bilik və
məlumatların xeyli hissəsi müstəqil həyatda praktik əhəmiyyət kəsb
etmədiyindən tez bir zamanda yaddan çıxır. Həmçinin müəyyən
edilmişdi ki, tədris proqramları mürəkkəb olduğu üçün şagirdlər bir
sıra fənlərdən, xüsusilə də riyaziyyat, kimya, biologiya, fizikadan
təlim materiallarının 60 faizə qədərini mənimsəyə bilmirlər.
Uşaqların təhsilə maraqlarının azalmasının, təlimdən yayınmalarının
bir səbəbini də məhz bunda axtarmaq lazımdır. Əsas səbəb isə, mənim
fikrimcə, məzmun standartlarının formalaşmaması idi. Pedaqoji
ədəbiyyatda, normativ-hüquqi sənədlərdə standart, təhsil standartı
terminləri işlənsə də, bunlar mahiyyət etibarı ilə fənlərin
məzmununda öz ifadəsini tapmırdı.
- Cənab nazir, Sizin bu geniş şərhinizdən bir daha aydın olur
ki, ölkəmizin ümumi təhsil sistemində hazırda davam etməkdə olan
məzmun islahatları zamanın tələbindən irəli gəlmişdir.
- Tamamilə doğrudur. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından
sonra ölkədə ictimai-siyasi mənzərənin, ideologiyanın, iqtisadi
münasibətlərin kökündən dəyişməsi təhsilin məqsədlərinə,
vəzifələrinə, onun məzmunu ilə bağlı tələblərə də yeni yanaşma
tərzi, yeni baxışlar formalaşdırdı. İnkişaf etmiş ölkələrin təhsil
sahəsində əldə etdikləri mütərəqqi təcrübənin öyrənilməsi bu
məsələdə həlledici rol oynadı.
1999-cu ildən başlanan islahatlar, onun istiqamətləri və əldə olunan
uğurlu nəticələr haqqında ötən müddət ərzində çox danışılmışdır.
Şübhəsiz ki, həyata keçirilən tədbirlər mərhələli xarakter daşıyırdı
və hər mərhələnin də öz məqsədləri, vəzifələri vardır. Keçən 10
ilin yekununa diqqət yetirsək, həqiqətən də dövrün, zamanın
tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi
təhsilin yeni konsepsiyasının, yəni Milli Kurikulum sənədinin
işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından
formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının
müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda
standart məfhumunun reallığa çevrilməsi mühüm nailiyyətlərdir.
Azərbaycan hökumətinin təsdiq etdiyi "Azərbaycan Respublikasında
ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədini, eləcə də
bu konseptual sənədin tələblərinə uyğun hazırlanıb təsdiq olunmuş
ibtidai siniflər üçün fənn kurikulumlarını diqqətlə nəzərdən keçirən
hər bir şəxs ümumi təhsildə kök salmış köhnə baxışlarla yeni
yanaşmaların fərqini dərhal başa düşə bilər. Təhsilin əvvəlcədən
müəyyən olunmuş nəticələr və bunların əsasında formalaşdırılmış
dövlət tələbi olan məzmun standartları üzərində qurulması məhz yeni
pedaqoji təfəkkürün təcəssümüdür. Milli Kurikulumda təsbit olunmuş
ümumi təhsilin hər bir pilləsi üzrə ümumi nəticələr, bunlara görə
hər bir pillədə tədris olunan fənlər üzrə nəticələr fənn
kurikulumlarında siniflər üzrə təlim nəticələrinin və standartların
müəyyənləşdirilməsində bir növ açar rolunu oynayır, məntiqi
ardıcıllığın gözlənilməsinə möhkəm zəmin yaradır. Təlim
nəticələri, başqa sözlə desək, məqsədlərdir və onların konkret
məzmun standartları formasında ifadə edilməsi əldə olunması nəzərdə
tutulan bilik və bacarıqların minimum həddini özündə ehtiva edir.
Xarakterik cəhət həm də odur ki, məzmun standartları özündə iki əsas
komponenti-bilik və fəaliyyət komponentlərini birləşdirir. Bu
standartların fəaliyyət hissəsinin bacarıqlar şəklində verilməsi isə
biliklərin şagirdlər tərəfindən həqiqətən mənimsənilməsini nümayiş
etdirmək zərurəti ilə bağlıdır. Biliklərin nümayişi prosesində
şagirdlərin tələb edilən bacarıqlara, məsələn, idraki
(təhliletmə, müqayisəetmə, əsaslandırma, əlaqələndirmə,
modelləşdirmə, planlaşdırma...), informativ-kommunikativ
(izahetmə, şərhetmə, təqdimetmə, təsviretmə, ünsiyyətqurma...),
psixomotor (oxumaq, yazmaq, saymaq, dəyişmək, hazırlamaq, tərtib
etmək, qurmaq...) bacarıqlara yiyələnməsi səviyyəsi real surətdə üzə
çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq bacarıqların
qazanılması ilə müşayiət olunursa, təhsil artıq mahiyyət etibarı ilə
dəyərlər kompleksinə çevrilir. Müasir kurikulumların
şəxsiyyətyönümlüyünü şərtləndirən başlıca amil də məhz bu cəhətdir.
Fənlər üzrə təlimin məzmununun nəticə standartlarında öz əksini
tapması çərçivə xüsusiyyətinə malik olmaqla konkretlik yaradan
əlamətdir. Buna görə də dərslik və müəllimlər üçün vəsaitləri
hazırlayan mütəxəssislər istəsələr belə standartların tələbindən
kənara çıxa bilməzlər. Nəticədə isə dərslik və vəsaitlərin artıq
materiallarla yüklənməsi ehtimalı minimuma enir.
Məlum olduğu kimi, yeni fənn kurikulumları bu dərs ilindən I
siniflərdən başlayaraq tətbiq edilir. Digər siniflərdə isə təlim
ənənəvi qaydada tədris proqramları əsasında həyata keçirilir.
Kurikulumlarla müqayisədə tədris proqramları yalnız fəsil, bölmə və
mövzulardan, tədrisə ayrılan saatlardan ibarətdir. Şagirdlərin
bilməli və bacarmalı olduğu məsələlər çox ümumi şəkildə
verilmişdir. Bu sənədlərdə nə təlim nəticələri, nə də standartlar öz
əksini tapmamışdır. Ona görə də dərslik müəllifləri zəruri olub
olmamasına baxmayaraq, öz mülahizələrinə görə istədikləri bölmə və
mövzuları dərsliklərə daxil edirlər. İndiyədək mövcud olan variativ
dərsliklərdə belə vəziyyət daha qabarıq nəzərə çarpır. Məsələn,
vaxtilə belə bir fakt aşkara çıxarılmışdı ki, tədris planında
həftədə 1 saat vaxt ayrılan fənnə 400 səhifədən ibarət dərslik
yazılmışdı. Şübhəsiz, sonradan onun həcmi azaldıldı, müəyyən
dəyişiklik aparıldı. Lakin belə vəziyyətin yaranması, əlbəttə ki,
standartların olmamasının nəticəsi idi. Mən bir daha xatırlatmaq
istərdim ki, yeni yanaşmaya görə hər bir fənn üzrə müəyyənləşdirilən
bölmə və mövzular təsadüfi xarakter daşıya bilməz, bunlar
standartlarda nəzərdə tutulmuş məzmunun reallaşdırılması üçün bir
vasitədir, başqa sözlə, bölmə və mövzular şəxsi rəy və mülahizəyə
görə deyil, məhz standartların tələbi əsasında müəyyən edilir, bu
prosesdə standartlar, bir növ indikator rolunu oynayır. Onu da
qeyd edim ki, fənn kurikulumlarında təlim nəticələri və məzmun
standartları ilə yanaşı, eyni zamanda təlim strategiyaları,
fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri, qiymətləndirmə
standartları öz əksini tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin
tədrisinin zəruriliyi əsaslandırılmışdır. Bununla da həmin
kurikulumlar təlim fəaliyyətində ən vacib hesab olunan parametrləri
özündə birləşdirməklə konseptual xarakterli bir sənəd kimi meydana
çıxmışdır.
- Məzmunla bağlı yeni yanaşmalar, bunların reallaşdırılması
üçün böyük zəhmətlə ərsəyə gətirilən sənədlər və onların tətbiqi,
heç şübhəsiz, ciddi maarifləndirmə tədbirlərinin aparılmasını tələb
edir. Bu barədə Sizin fikirlərinizi bilmək maraqlı olardı.
- ümumiyyətlə, bütün
yeniliklərin, nəzəri ideyalardan tutmiş onların tətbiqi yollarına
qədər əhatə olunan məsələlərin ictimaiyyət arasında geniş təbliği
çox vacibdir, mən deyərdim ki, islahatların uğurla həyata
keçirilməsi, bu prosesdə süni maneələrin yaranmaması üçün başlıca
amillərdən biridir. İlk vaxtlar belə güman edilirdi ki, dünya
təcrübəsində sınaqdan çıxmış ideyaların, müasir təhsil modellərinn
tətbiqi elə də ciddi fikir ayrılıqlarına səbəb olmayacaqdır. Lakin
işin gedişində aydın oldu ki, hətta nüfuzlu hesab edilən bəzi təhsil
mütəxəssislərinin özləri belə yenilikləri qəbul etmək istəmir, bu
bir yana qalsın, pedaqoji ictimaiyyətdə çaşqınlıq yaratmağa
çalışırdılar. Onların bir çoxu isə elə əvvəldən seyrçi mövqe
tutdular, bu gün də gedən proseslərdən kənardadırlar. Halbuki
neçə-neçə titullara sahib həmin alimlərdən biz çox şey gözləyirdik.
Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri
birdən-birə qəbul etmək çox çətindir. Ancaq həyat inkişafdadır və
zamanın nəbzini tutub onun tələblərinə uyğunlaşmaq zərurəti bütün
dövrlərdə təqdirəlayiq keyfiyyət hesab olunmuşdur. Əslində, bütün
yeniliklərə, islahatlara aparan yol insanların təfəkküründən keçir.
Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, onların
həyata keçirilməsi mümkün ola bilməz.
Bu mənada Azərbaycanın ümumi təhsil sistemində islahatlara
başlanandan indiyədək kurikulum anlayışının, təhsilin məzmununa
verilən müasir tələblərin, yeni təlim strategiyalarının və
qiymətləndirmə mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət
arasında izahı və təbliği prosesini, obrazlı şəkildə desək,
daşlı-kəsəkli çətin bir yola bənzətmək olar. Bununla belə,
başlanğıc dövrlə müqayisədə bu sahədə nailiyyətlərin ilbəil artması
göz qabağındadır. Yerlərdə keçirilən müzakirələr, seminar və
konfranslar, ibtidai sinif müəllimləri və təhsil şöbələrinn
əməkdaşları, məktəb rəhbərləri üçün ardıcıl təşkil edilən öyrədici
kurslar artıq öz bəhrəsini verməkdədir. Son vaxtlar pedaqoji
mətbuatda müəllimlərin, təhsil şöbələri və məktəb rəhbərlərinin
metodik yazılarla çıxış etməsi, yeni dərsliklər əsasında məktəblərdə
silsilə nümunə dərslərinin təşkili belə düşünməyə zəmin yaradır.
Lakin əldə olunan nailiyyətlər heç kimi arxayınlaşdırmamalıdır. Biz
çalışmalıyıq ki, kurikulum islahatlarının mahiyyəti və əhəmiyyəti,
onun tətbiqi mexanizmləri bütün müəllimlərə və təhsili idarə edən
şəxslərə aydın olsun. Bu mənada ümumi təhsilə rəhbərlik edən bütün
qurumlar, xüsusilə də yerli təhsil orqanları, məktəb rəhbərləri bu
vacib məsələni diqqət mərkəzində saxlamalıdırlar. Biz məntiqi
cəhətdən tələbimizi belə formalaşdırmışıq ki, yeni kurikulumların
tətbiqində hər hansı bir müəllimin uğursuzluğu bilavasitə yerli
təhsil orqanlarının, onların metodkabinetlərinin və məktəb
rəhbərlərinin məsuliyyətsizliyinin nəticəsi kimi
qiymətləndiriləcəkdir.
- Hörmətli Misir müəllim, bir qədər əvvəl Siz yeni dərsliklər
məsələsinə toxundunuz. İctimaiyyətin diqqət mərkəzində olduğu üçün
bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- ölkəmizdə həyata
keçirilən yeni dərslik siyasəti, birmənalı olaraq, ümumi təhsildə
aparılan islahatların mühüm bir istiqamətini təşkil edir. Artıq
2008-ci ildə başa çatmış Təhsil Sektorunun İnkişafı Layihəsinin
birinci komponenti, yəni "ümumi
orta təhsilin keyfiyyəti və onun real tələbatlara uyğunluğu"
komponenti çox dəqiqliklə düşünülmüş, "Kurikulum islahatı", "Müəllim
hazırlığı" "Dərsliklər və dərs vəsaitləri" alt-komponentlərindən
ibarət formalaşdırılmışdı. Məntiq isə bundan ibarət idi ki,
kurikulum məzmunca dəyişilirsə, müəllim hazırlığı metodologiyası da
dəyişməlidir, yeni məzmun yaranırsa, onu köhnə dərsliklərlə tədris
etmək olmaz, mütləq kurikulumun tələbinə cavab verən dərsliklər
hazırlanmalıdır. Bununla yanaşı, həm də qərara alındı ki,
dərsliklərin hazırlanması qaydalarında da dəyişikliklər aparılsın və
müasir dünya təcrübəsinə uyğunlaşdırılsın. Ona görə təyin olunmuş
beynəlxalq məsləhətçinin də tövsiyələri nəzərə alınmaqla yeni
dərslik siyasəti sənədi hazırlandı və sənədin tətbiqi Azərbaycan
hökuməti ilə razılaşdırıldı. Beləliklə, ölkəmizdə dərslik
hazırlığının müasir modelinə keçid prosesi başlandı.
Yeni dərslik siyasətində ən vacib cəhətlərdən biri də nəzərdə
tutulan dərslik komplektlərinin konkret müəllifə (yaxud müəlliflər
qrupuna) verilən sifarişə görə deyil, nəşriyyatlarla müəlliflər
arasında bağlanmış müqavilə əsasında hazırlanmasıdır. Həm də bu
komplektləri qiymətləndirmək üçün Təhsil Nazirliyində ilk dəfə
olaraq görkəmli alimlərdən və nüfuzlu təhsil mütəxəssislərindən
ibarət Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmışdır. Şuraya
məşhur Moskva Dövlət Universitetinin məzunu, BDU-nun dosenti,
psixologiya elmləri namizədi, Azərbaycan Respublikası Prezidenti
Yanında Təhsil Komissiyasının üzvü, Müasir Təhsilə və Təlimə Yardım
Mərkəzi qeyri-hökumət təşkilatının Proqram direktoru E.Kazımzadə
sədrlik edir. Prosedur belə müəyyənləşdirlib ki, hazırlanmış
komplektlər əlyazması şəklində DQŞ-yə təqdim olunur və xüsusi
qaydada şifrləndikdən sonra fənlər üzrə qiymətləndirməni həyata
keçirən işçi qruplarına verilir. Yekun rəyə görə daha çox bal
toplamış maliyyə təklifi daha sərfəli olan dərslik komplekti qalib
hesab edilir. DQŞ və onun nəzdindəki işçi qrupları tam sərbəst və
müstəqil fəaliyyət göstərir, onların işinə heç kim müdaxilə etmir.
Yəni müdaxilə imkanı heç mümkün də deyildir. Ona görə ki, həmin
prosesdə məxfilik son dərəcə yüksək şəkildə gözlənilir. Bu dərs
ilində I siniflərin istifadəsinə verilmiş dərslik komplektləri
tətbiq edilən yeni modelin ilk nümunələridir.
Məqsədimiz müasir yanaşmalar əsasında hazırkı tələblərə cavab
verən, ictimaiyyəti qane edən, müəllimləri yaradıcı fəaliyyətə,
şagirdləri səmərəli təhsil almağa istiqamətləndirən keyfiyyətli
dərslik komplektlərinin meydana çıxmasına optimal şərait yaratmaqdan
ibarətdir. Təəccüblü də olsa, dərslik komplektlərinin
qiymətləndirilməsində proteksiya hallarına yol verildiyini iddia
edənlər də tapılır. Tam əminliklə bildirmək istəyirəm ki, belə
fikirlərin heç bir əsası yoxdur, bunlar yalnız ictimaiyyəti
çaşdırmaq, islahatlara qara yaxmaq məqsədi daşıyır. Əgər o cür
hallar olacaqdısa, bu qədər mürəkkəb mexanizm qurmaq nəyə lazım
idi?! Onu da deyim ki, dərslik komplektlərinin müsabiqə qaydasında
hazırlanması prosesi elmi-nəzəri və praktik cəhətdən hazırlıqlı,
dərslik yaradıcılığı sahəsində səriştəyə malik, müasir düşünməyi
bacaran, lakin indiyədək bizim tanımadığımız xeyli sayda mütəxəssisi
meydana çıxardı. Müsbət haldır ki, onların arasında məktəb
müəllimləri üstünlük təşkil edir. Demək, biz gələcəyə ümidlə baxa
bilərik və güman edirəm ki, sonrakı mərhələlərdə belə şəxslərin sayı
daha artıq olacaqdır. Bu cür vəziyyət isə bəzi adamların özləri
haqqında süni şəkildə yaratdıqları əvəzolunmaz mütəxəssis obrazı
haqqında təsəvvürləri heçə endirir.
Təhsil Nazirliyi məktəblərdə yeni dərslik komplektlərinin tətbiqi
prosesini diqqətlə izləyir. Bizim üçün hər bir müəllimin, məktəb
rəhbərlərinin, hər bir pedaqoji kollektivin rəyi çox önəmlidir.
İndiyədək yerlərdə keçirilmiş müzakirələrin nəticələri, pedaqoji
mətbuatda dərc olunmuş yazılar onu göstərir ki, bu komplektlər
maraqla və rəğbətlə qarşılanır, əvvəlkilərlə müqayisədə yeni
dərsliklərin üstünlükləri xüsusi qeyd edilir. Lakin bu o demək deyil
ki, həmin dərsliklər tam təkmildir, nöqsanlı cəhətləri yoxdur. Onlar
yeni kurikulumlar əsasında yazılan, müəyyən edilmiş məzmun
standartlarının reallaşdırılmasını ehtiva edən ilk təcrübələrdir. Bu
isə indiki mərhələdə o qədər də sadə məsələ deyildir. Ona görə də
müəyyən nöqsan və çatışmazlıqların olması təbiidir. Şübhəsiz, həmin
dərsliklər, müəllim üçün vəsaitlər tənqidi rəy və təkliflər nəzərə
alınmaqla ilbəil təkmilləşdiriləcək, keyfiyyət səviyyəsi
yüksəldiləcəkdir. Ən əsası odur ki, dünya təcrübəsində tətbiq olunan
mütərəqqi mexanizm dərslik yaradıcılığı sahəsində fəaliyyətimizin
əsasına çevrilmiş və artıq dönməz xarakter almışdır.
Dərsliklərdən danışarkən bir məsələyə də diqqəti cəlb etmək
istərdim. Şübhəsiz, dərslik təlim prosesində müəllimin fəaliyyətini
istiqamətləndirən, şagirdləri biliklər aləminə aparan ən zəruri
vəsaitlərdən biri hesab olunur. Lakin mənə elə gəlir ki, biz onun
rolunu həddən artıq şişirdirik. öz işini tələb olunan səviyyədə
qurmaq üçün müəllimə dərsliklə yanaşı, müxtəlif variantlı çoxlu
sayda metodik vəsaitlər, tövsiyə materialları lazımdır ki, biz bunu,
demək olar ki, arxa plana keçirmişik. Halbuki inkişaf etmiş
ölkələrdə bu məsələyə daha çox diqqət yetirilir. Yaxud da, məgər
şagirdlər, xüsusilə də yuxarı sinif şagirdləri yalnız dərsliklərdəki
məlumatlarla kifayətlənməlidirlər?! Axı biz indiki dövrdə
şagirdlərə "öyrənməyi öyrətməyi" qarşımıza məqsəd qoymuşuq, onlarda
məlumatlanmaq, məlumatları təhlil, müqayisə və təsnif etmək, onları
ümumiləşdirmək və zəruri olanları seçə bilmək bacarıqlarının
formalaşdırılmasını kurikulumlarda əsas vəzifələrdən biri kimi
müəyyənləşdirmişik.
Demək, müəllim şagirdlərə dərsliklərdə yazılanları istiqamət
götürməklə onların əsasında yeni biliklər almağı təlqin etməlidir.
Bunun üçün isə layihələr, kataloqlar, müntəxəbatlar, kompüter
proqramları formasında əlavə təlim vəsaitləri, o cümlədən elektron
tədris vəsaitləri hazırlanmalıdır. Heç eşitmisiniz ki, metodik
vəsaitlərin, əlavə təlim materiallarının hazırlanması ilə bağlı
mütəxəssislər arasında rəqabət yaransın?! Əlbəttə, yox. Rəqabət
yalnız dərsliklərlə əlaqədardır. çünki dərsliklərin çapına dövlət
tərəfindən maliyyə vəsaiti ayrılır. Əlavə təlim-tədris
materiallarının hazırlanması, nəşri və yayılması üçün isə maliyyə
vəsaiti nəzərdə tutulmur. Ona görə də bu vəsaitlər elə səviyyədə
hazırlanmalıdır ki, müəllimlər, məktəb rəhbərləri onların potensial
sifarişçilərinə çevrilsinlər. Belə məsuliyyəti isə hər müəllif öz
üzərinə götürmək iqtidarında deyildir.
Heç şübhəsiz, dövrün tələblərinə cavab verən məzmunun
müəyyənləşdirilməsi, keyfiyyətli dərsliklərin yaradılması ilə məsələ
bitmiş hesab edilmir. Ən vacib problem bu məzmunu reallaşdıran,
həmin dərsliklərlə işləməyi bacaran müəllimlərin hazırlanmasıdır.
Mən bir qədər əvvəl xatırlatdım ki, ötən layihədə "Müəllim
hazırlığı" "Kurikulum islahatı", "Dərsliklər və dərs vəsaitləri"
alt-komponentləri ilə üzvi surətdə bağlanan zəruri alt-komponent
kimi nəzərdə tutulmuşdu.
Biz indiki halda hazırda ibtidai siniflərdə işləyən müəllimlərin
kurikulum və yeni dərsliklərin tətbiqi sahəsində bacarıqlarının
artırılması barədə danışıb fikirləşirik, həmin istiqamətdə ən zəruri
tədbirləri həyata keçiririk. Qeyd etdiyimiz alt-komponent
çərçivəsində isə daha qlobal məsələlər öz əksini tapmışdır. Buraya
həm ilkin müəllim hazırlığı, eləcə də işləyən müəllimlərin əlavə
təhsili sahəsində islahatyönümlü tədbirlər daxil edilmişdi.
ötən müddətdə müəllim
hazırlığı sisteminin yenidən qurulmasına, onun tələb olunan müasir
səviyyəyə yüksəldilməsinə yönəlmiş Təhsil Nazirliyinin hazırladığı
"Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və
strategiyası" sənədi Azərbaycan hökuməti tərəfindən təsdiq
olunmuşdur. Eyni zamanda bu sənədin tələblərinə uyğun surətdə
ibtidai sinif müəllimlərinin hazırlığını təmin edən yeni
kurikulumlar tərtib olunmuş və onlar eksperiment qaydasında 3 pilot
ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universitetində
tətbiq edilir. Bunlarla yanaşı, müəllimlərin praktik
hazırlıqlarının, pedaqoji ünsiyyət və idarəetmə bacarıqlarının
formalaşmasına xidmət göstərən və Azərbaycan təhsili üçün tamamilə
yeni olan təhsilin əsasları fənninin dərsliyi üzərində işlər artıq
başa çatdırılmaqdadır.
Müəllim hazırlığı sistemində pedaqoji işçilərin əlavə
təhsili-ixtisasartırma və yenidənhazırlanma təhsili xüsusi yer
tutur. Fasiləsiz təhsilin mühüm komponenti olan əlavə təhsilin forma
və məzmunca yeniləşdirilməsi istiqamətləri bayaq qeyd etdiyim
konseptual sənəddə ətraflı işıqlandırılmışdır. Son vaxtlar əlavə
təhsilin keyfiyyətcə yaxşılaşdırılması sahəsində Azərbaycanda
fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlarla, o cümlədən
YUNİSEF, Britaniya Şurası, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
və digər qurumlarla birlikdə bir sıra əməli tədbirlər həyata
keçirilsə də, həmin sənədin müddəalarının praktik fəaliyyətdə
reallaşdırılması üçün çox ciddi işlər görülməlidir. Bizi düşündürən
əsas məsələ ixtisasartırma təhsilini müəllimlərin maraqlarına,
tələbatlarına uyğun qurmaqdan ibarətdir. İxtisasartırma təhsilinin
məzmunu yerlərdə ehtiyac ödənilmədən müəyyən edilirsə, bu, son
nəticədə formalizmə gətirib çıxarır. Hesab edirəm ki, ixtisasartırma
təhsilinin əsasını pedaqoji innovasiyaların, müasir təlim
strategiyalarının tətbiqi, qabaqcıl təcrübənin təbliği təşkil
etməlidir. Əgər müəllim ixtisasartırma kurslarında ali məktəbdə
öyrəndiklərinin təkrarını eşidəcəksə, belə kurslar onu heç vaxt cəlb
etməyəcəkdir. Həm də hesab edirəm ki, orta ixtisas təhsilli
müəllimlər üçün həmin kurslar onların elmi-nəzəri və metodiki
hazırlığını dövrün tələbləri səviyyəsində təmin edən kurikulumlar
əsasında ayrıca keçirilməlidir.
- Cənab nazir, yeni kurikulumların yaranması ilə əlaqədar
şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müasir modelin
müəyyən edilməsi də hazırda aktual vəzifə kimi qarşıda dayanır. Bu
barədə Sizin mülahizələriniz geniş ictimaiyyət üçün maraqlı olardı.
- çox təəssüf ki, Sovet təhsil sistemində şagirdlərin təlim
nəticələrinin qiymətləndirilməsinə səthi münasibət bəslənilmiş,
əslində qiymətləndirmə formal xarakter daşımışdır. Nəyi
qiymətləndiririk və nə üçün qiymətləndiririk sualı, düzünü desək,
təhsil mütəxəssislərini dərindən düşündürməmişdir.
"Şagird nailiyyətlərinin qiymətləndirilməsi" pedaqoji anlayış kimi
təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət
pedaqoji aləmdə "şagirdlərin bilik, bacarıq və vərdişlərinin
qiymətləndirilməsi" anlayışı işlədilmişdir. Bununla belə,
qiymətləndirmə dedikdə, bir qayda olaraq, şagirdlərin gündəlik
(cari) qiymətləndirilməsi başa düşülmüşdür. Belə qiymətləndirmə növü
isə həddən artıq zərərlidir və mahiyyət etibarı ilə heç bir
əhəmiyyət kəsb etmir. Təsəvvür edin ki, şagird, məsələn, kimya
fənnindən dərs ilinin birinci yarısında iki dəfə qiymət almış və
onun yarımillik qiyməti həmin iki qiymətin əsasında çıxarılmışdır.
Halbuki yarımil ərzində kimyadan xeyli mövzu keçilir. Belə çıxır ki,
bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib
mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır. Bir qədər ətraflı
təhlil aparsaq görərik ki, hər hansı bir fəndən dərs ili ərzində bir
neçə (tədris planındakı həftəlik saatların miqdarına görə 2-3, 3-4
yaxud 5-6) qiymət alan şagird imtahana buraxılır. Bu yerdə haqlı
sual meydana çıxır: illik təlim materiallarının heç olmasa 60-80
faizinin mənimsənildiyinə əminlik, etibarlı əsas yoxdursa, həmin
şagirdi necə və hansı məntiqlə sinifdən-sinfə keçirmək və ya
imtahana buraxmaq olar?!
Diqqətə çatdırdığım bu fikirlər neçə ildən bəri apardığımız müşahidə
və təhlillərin, qabaqcıl müəllim və məktəb rəhbərləri ilə
keçirdiyimiz diskussiyaların nəticəsində gəldiymiz qənaətlərdir. Bu
sahədə bir neçə inkişaf etmiş ölkənin təcrübəsini də öyrənmişik.
Bütün bunların yekunu olaraq Təhsil Nazirliyi tərəfindən "Şagird
nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası" adlı sənəd
hazırlanmış və bu yaxınlarda Azərbaycan hökuməti həmin sənədi təsdiq
etmişdir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli
prosesdir. Bu proses sadəcə şagirdin nail olduğu təlim nəticələrinin
səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin
keyfiyyətinin yülsəldilməsinə xidmət edir. Başqa sözlə,
qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi meydana
çıxır.
Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin
qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim
nəzarətdə saxlanılması, onların irəliləyişlərinin, yaxud
geriləmələrinin izlənilməsi və bu məqsədlə monitorinqlərin
aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin
monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması,
müəllimlərin işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və
dərsliklərdə zəruri dəyişikliklərin olunması haqqında müvafiq
qərarlar qəbul etməyə imkan verir.
Göründüyü kimi, qiymətləndirmə məsələlərinə yeni yanaşmanın meydana
gəlməsi məktəbdaxili qiymətləndirmənin də forma və məzmunca
dəyişdirilməsini tələb edir. Biz yalnız qiymət almaq naminə oxumağı
şərtləndirən cari qiymətləndirmədən imtina etməklə üzərlərinə düşən
funksiyalara münasibətdə həm şagirdlərin, eləsə də müəllim və məktəb
rəhbərlərinin məsuliyyətini yüksəldən xüsusi qiymətləndirmə
formasının tətbiqinə nail olmağı qarşıya məqsəd qoymuşuq. Hazırda
belə bir qiymətləndirmə modelinin hazırlanması üzrə işlər başa
çatdırılmaqdadır.
Bir məsələni də qeyd etmək istərdim. Bildiyiniz kimi, yeni fənn
kurikulumlarında məzmun standartları ilə yanaşı, qiymətləndirmə
standartları da öz əksini tapmışdır. Həmin standartlar məzmun
standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı
səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Bununla
əlaqədar dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin hazırda 4
səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr əksər
şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq istedadlı və daha
istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının
reallaşdırma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə
standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər bu
səriştəyə malik olmaq üçün daha ciddi çalışmaq, toplanmış təcrübəni
daha da artırmaq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu
gün üçün müəyyən edilmiş qiymətləndirmə standartlarının növbəti
illərdə qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr
aparılması təbii qəbul olunmalıdır. Eyni zamanda standartlarda
təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya
(deklarativ, prosedural, kontekstual) bölündüyündən onların
reallaşdırılması üzrə tələb edilən bacarıqlar da fərqli müəyyən
edilir. Məsələn, deklarativ biliklər bilavasitə yaddaşa
əsaslanır, zəruri informasiyaların, təriflərin, terminlərin
mənimsənilməsini nəzərdə tutur. Ona görə də bu proses "bilmə" və
"anlama" fəaliyyətləri ilə əlaqədar olur. Prosedural biliklər
tətbiq, kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq
fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi, biliklərə görə fəaliyyətin,
necə deyərlər, xüsusi çəkisi müxtəlif olduğundan onların hamısını 4
səviyyə ilə qiymətləndirməyə bəlkə də ehtiyac yoxdur. Bu mənada
axtarışların və tədqiqatların genişləndirilməsi çox vacibdir. Həm də
fənlər üzrə məktəbdaxili qiymətləndirmə ilə standartların
mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi arasında məntiqi
əlaqəni ehtiva edən sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki,
ehtiyac vardır. Belə olan halda şagirdlərin təlim nəticələrinin
məzmun standartlarının tələblərinə cavab verməsi vəziyyəti daha
aydın görünər.
- Cənab nazir, Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin icrasına artıq başlanılmışdır. Bu layihədə kurikulum
islahatları, ümumiyyətlə, bu prosesin davam etdirilməsi
istiqamətləri necə müəyyən olunmuşdur?
- İkinci layihədə bu məsələlər "Kurikulum islahatının davam
etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti
çərçivəsində həyata keçiriləcəkdir. Bildiyiniz kimi, 2008-ci ilin
noyabrında Bakı şəhərində Dünya Bankının nümayəndələrinin iştirakı
ilə layihənin başlanmasına həsr olunmuş 2-günlük seminar keçirilmiş,
layihəni əhatə edən bütün alt-komponentlər, eləcə də kurikulum
islahatı ilə bağlı alt-komponent üzrə nəzərdə tutulan tədbirlər
geniş şərh edilmişdir.
Birinci layihədə kurikulum islahatları yalnız ümumi təhsil sistemini
əhatə edirdi. İkinci layihədə isə bu alt-komponent xeyli
genişləndirilmiş, burada məktəbəqədər təhsil və texniki peşə
təhsilində də kurikulum islahatlarının reallaşdırılması nəzərdə
tutulmuşdur. Həmin tədbirlər bilavasitə möhtərəm Prezidentimiz İlham
Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ildə təsdiq edilmiş
məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin
təkmilləşdirilməsi sahəsində Dövlət proqramlarından qaynaqlanır və
onların uyğun müddəalarının yerinə yetirilməsinə istiqamətlənmişdir.
Layihəyə görə bu alt-komponent 2008-2014-cü illəri əhatə etməklə çox
geniş tədbirlər spektrinə malikdir. Tədbirlər paralel olaraq bir
neçə istiqamətdə aparılacaqdır. Buraya V-XI siniflər üzrə fənn
kurikulumu layihələrinin təkmilləşdirilməsi, müzakirəsi və təsdiqi,
məktəbəqədər və texniki peşə təhsili kurikulumlarının hazırlanması
ilə əlaqədar bütün təşkilati və əməli işlər, o cümlədən xarici ölkə
təcrübələrinin öyrənilməsi, xarici ölkələrə tədris və təlim
səfərlərinin təşkili, hazırlanmış kurikulum layihələri əsasında
pilot müəssisələrdə sınaqların keçirilməsi, bu müəssisələrin
işçiləri üçün öyrədici təlim materiallarının, metodik tövsiyələrin
tərtibi və s. daxildir. Alt-komponent formalaşdırılarkən
maarifləndirmə tədbirlərinə ciddi diqqət yetirilmişdir. Bu məqsədlə
yerlərdə zonalar üzrə maarifləndirmə mərkəzlərinin yaradılması,
məlumat xarakterli bukletlərin, təqvim nümunələrinin və digər bu
kimi materialların hazırlanması nəzərdə tutulur.
Onu da deyim ki, "Kurikulum" jurnalı maarifləndirmə tədbirlərinin
həyata keçirilməsində mühüm rol oynamalıdır. Müsbət haldır ki, nəşrə
başladığı vaxtdan keçən müddətdə jurnal pedaqoji ictimaiyyət
arasında populyarlıq qazanmışdır. Burada dərc olunan məqalələr
yenilikçi ruhu ilə seçilir. Ancaq jurnal gələcəkdə praktik yönümünü
xeyli gücləndirməlidir. Bu, indiki mərhələdə müəllimlər, məktəb
rəhbərləri üçün çox vacibdir. Eyni zamanda aktual məsələlərə həsr
olunmuş rubrikalar açılmalı, yerlərdəki təcrübənin
işıqlandırılmasına lazımi diqqət yetirilməlidir.
2009-cu ildə kurikulum islahatları miqyas etibarı ilə geniş vüsət
alacaqdır. Qarşıda bizi çox ciddi işlər gözləyir. Əminəm ki,
Azərbaycan dövlətinin yaxından dəstəyi ilə qarşıya qoyulan vəzifələr
uğurla həyata keçiriləcək, təhsilimizin inkişafı naminə yaradılan
bütün imkanlardan səmərəli istifadə olunacaqdır.
- Hörmətli nazir, maraqlı müsahibə üçün sağ olun.
"Kurikulum" jurnalı, 2009, N 1. |