İnternetimiz niyə bahalıdır?

Türkiyədə 1 meqabit məhdudiyyətsiz İnternet kanalı $10 dollar, Rusiyada $20-a bərabərdirsə, Azərbaycanda bu qiymət $350-500 təşkil edir

Azərbaycanda rəsmi sturkturların bəyanatları və "endirim" qərarlarına rəğmən, İnternetdən istifadə etmək istəyənlər postsovet məkanı ilə yanaşı, qonşu ölkələrdə də müqayisədə dəfələrlə artıq pul ödəmək məcburiyyətindədir.
Ölkədə İnternet olduqca bahadır.
Rabitə və İnformasiya Texnologiyaları (RİTN) naziri Əli Abbasovun dediyinə görə, son dörd il ərzində Azərbaycanda İnternetdən istifadənin qiymətləri 7 dəfə ucuzlaşıb.
"2000-2007-ci illərdə İnternet şəbəkəsi təxminən 20 dəfə genişləndirilib. Son dörd ildə İnternetdən istifadənin qiymətləri 7 dəfə azalıb və hazırda İnternet istifadəçilərinin sayı ölkənin ümumi əhalisinin sayının 18-20%-ni təşkil edir", - Ə.Abbasov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycandan İnternet vasitəsilə informasiya ixracı 25 dəfə, idxalı isə 17 dəfə artıb.

Azərbaycandakı provayderlərin sayı 3 dəfə artıb və hazırda 30-dan artıqdır. Və ən nəhayət, milli domen olan "az" ünvanlı saytların sayı 5 dəfə artaraq 7 mini keçib.
Ekspertlər isə hesab edirlər ki, noyabrın 1-dən Azərbaycanda internet qiymətlərinin orta hesabla 50 faiz ucuzlaşması situasiyaya ciddi təsir göstərməyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, aparılan müşahidələr və monitorinqlər RİTN-in bəlli qərarından sonra provayder şirkətlərin qiymətləri çox cüzi şəkildə aşağı saldığını göstərir.

"İndi ölkədə internetin qiyməti o qədər yüksəkdir ki, hətta qiymətlərin iki dəfə azaldılması da kifayət etmir. Biz bu yaxınlarda Türkiyə, Rusiya, Qazaxıstanda olan qiymətləri müqayisə elədik. Təsəvvür edin - bizdəki qiymətlərlə oradakı qiymətlər arasında fərq 20 dəfədir. Türkiyədə 1 meqabit məhdudiyyətsiz İnternet kanalı $10 dollar, Rusiyada $20-a bərabərdirsə, Azərbaycanda bu qiymət $350-500 təşkil edir", - O.Gündüz bildirib.

Onun fikrincə, Azərbaycanda İnternetdən istifadə və dünya veb şəbəkəsinə qoşulmağın bahalığının əsas səbəbləri hazırda fəaliyyətdə olan iki dövlət provayderinin İnternetə çıxış üçün yüksək tariflər tətbiq etməsidir.
Belə vəziyyətdə provaydinq xidmətləri göstərən özəl şirkətlərin dövlət provayderlərindən asılılığı ləğv olunmalı, ya da dövlət provayderlərinə tarifləri və xərcləri aşağı salmaq üçün yardımlar göstərilməlidir.
"Bakinternet" və "Aztelekom" dövlət provayder şirkətlərinin yetkililəri isə bildirirlər ki, İnternetə çıxışla bağlı xərclər yüksək olduğundan, tarifləri aşağı salmaq mümkün deyil.

 

Сайт управляется системой uCoz